Sırskı: Ukraynada 18 yaşdan etibarən müqaviləli xidmətə cəlb genişləndiriləcək- ÖZƏL 

Olaylar.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı Aleksandr Sırskı cəbhədə vəziyyətin çətin olduğunu bildirib və 18-24 yaş arası kişilərin müqaviləli hərbi xidmətə daha fəal cəlb edilməsini təklif edib.
Bazar ertəsi keçirilən hərbi qulluqçuların hazırlanmasına dair müşavirədə Sırskı "operativ vəziyyətin mürəkkəb" olduğunu vurğulayıb və şəxsi heyətin hazırlığının gücləndirilməsinin vacibliyini qeyd edib. Xüsusilə, çağırış yaşına çatmayan kişilərin xidmətə cəlb olunması məsələsi müzakirə edilib. "18-24 yaş arası vətəndaşların Ukrayna Silahlı Qüvvələrində xidmətə cəlb olunması üzrə eksperimental layihənin icrasına ayrıca diqqət ayırdım. Gənc müqaviləlilərin motivasiyasını artırmaq üçün işləri gücləndiririk. Artıq layihəyə 24 briqada qoşulub," - deyə o, Telegram kanalında yazıb.
Qeyd edək ki, daha əvvəl Ukrayna Müdafiə Nazirliyi gənclər arasında müqaviləli xidmətin təşviqi üçün müxtəlif "kreativ" reklam çarxları təqdim etmişdi. Bu kampaniyalar cəmiyyətdə birmənalı qarşılanmayıb. Məsələn, bir reklam çarxında vəd olunan maaşla neçə ədəd çizburger almaq olacağı göstərilmiş, digərində isə yalnız orduda işləyənlərin qızların gözləntilərinə uyğun maaş əldə edə biləcəyi mesajı verilmişdi.
Bazar ertəsi isə Ukrayna Telegram kanallarında yeni bir video yayıldı. Videoda kompüter oyununda gənc bir oğlanın obraz seçməsi göstərilir: şturmçu və kəşfiyyatçı rolları Polşaya işləməyə gedənlərlə və çay yolu ilə ölkədən qaçmağa çalışanlarla müqayisə edilir. Bu səhnədə, xüsusilə, Tisa çayını üzərək Rumıniya sərhədini keçmək istəyənlərin faciəvi halları satirik tərzdə tənqid olunub.
Ukrayna hakimiyyəti Silahlı Qüvvələrdəki itkiləri müxtəlif üsullarla kompensasiya etməyə çalışır. 8 fevralda Prezident Volodimir Zelenski çağırış yaşına çatmamış kişilər üçün xüsusi müqavilələrin tətbiqini elan etmişdi. 11 fevralda isə Müdafiə Nazirliyi 18-24 yaşlı kişilərin müqaviləli hərbi xidmətə qəbulunun başladığını açıqlamışdı. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bu yeni müqavilələri "bilet bir istiqamətə" adlandırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31