İran və ABŞ müzakirələrində prosesin yavaşlaması qeyri-təbii deyil – Bəqai

İran və ABŞ arasında nüvə proqramı ilə əlaqədar dolayı danışıqlar prosesinin yavaşlaması qeyri-təbii deyil.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (28 aprel) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, çünki danışıqlarda texniki məsələlər daha çox vaxt alır və bu da danışıqların ayrılmaz hissəsidir.

Bəqai bildirib ki, Məsqət razılaşmasına və vasitəçi tərəf Omanın elan etdiyinə əsasən, İran və ABŞ arasında dolayı danışıqların növbəti raundu 3 maya planlaşdırılıb. Növbəti raundun zamanı və məkanı haqda qərar üç tərəfin koordinasiyası ilə müəyyənləşəcək.

Qeyd edək ki, 12, 19 və 26 aprel tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 3 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1 və 3-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31