İran prezidentinin Azərbaycan səfəri iqtisadiyyatın güclənməsi üçün platforma ola bilər – İranlı parlamentari

İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasında iqtisadi və ticarət əlaqələrini çeşidləndirməklə yanaşı, İranın Cənubi Qafqaz və Mərkəzi Asiyada iqtisadi əlaqələrin güclənməsi üçün platforma ola bilər.

Bunu İran parlamentinin enerji məsələləri üzrə komitəsinin sədr müavini Ramazanəli Səngdovini IRNA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan əsasında regional əməkdaşlıq şəbəkəsinin yaradılması İranın ticarət şəriklərini artırmaqla yanaşı, məhdud bazarlara asılılığı da azaldacaq.

Səngdovini qeyd edib ki, Tehran-Bakı münasibətlərinin yüksəlməsi sərhəd bazarlarının fəaliyyətinn artması və ixrac infrastrukturlarının yaxşılaşması ilə nəticələnə bilər. İranın Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərinin çeşidli məhsulları vardır. Azərbaycanla sərhədlərdə sərhəd bazarlarının fəaliyyətinin artırılması önəmli və təyinedici rola sahib ola bilər.

"İranda hazırkı hökumət iqtidara gəldikdən sonra iki ölkənin qaz, neft, texniki və strateji sahələrdə əməkdaşlığı üçün birgə işçi qrupu yaradılıb. Bu qrup hazırda fəaliyyətini davam etdirir. Region və dünyada enerjinin əhəmiyyətini nəzərə aldıqda, iki ölkənin münasibətləri bu sahələrdə daha da inkişaf edə bilər.

Azərbaycan İranın şimalında yerləşən önəmli qonşulardan biridir. Hansı ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində önəmli rola sahibdir və İran və Azərbaycan yol, dəmiryol və dəniz yükdaşımlarında effektiv əməkdaşlığa sahib ola bilər", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31