Siyarto Aİ-ni Gürcüstanla münasibətlərdə ikili standartlardan imtina etməyə çağırdız- ÖZƏL
11 Aprel 15:25 DünyaOlaylar.az xəbər verir ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Antalyada keçirilən diplomatik forum çərçivəsində gürcü jurnalistlərə açıqlamasında Avropa İttifaqının Gürcüstana münasibətdə ikili standartlarla hərəkət etdiyini bildirib. O, Aİ-ni ədalətli davranmağa çağırıb.
"Biz Brüsselin Tbilisiyə münasibətindən narazıyıq. Avropa İttifaqının ikili standartlardan uzaq, ədalətli şəkildə hərəkət etməsini istəyirik", - deyə Siyarto bildirib.
Nazir həmçinin ABŞ-da Donald Tramp Administrasiyasının yenidən hakimiyyətə gəlməsindən sonra beynəlxalq siyasətin qarşılıqlı hörmət və praqmatizmə qayıdacağına ümid etdiyini bildirib. "İndi Tramp yenidən prezident olduqdan sonra düşünürəm ki, beynəlxalq siyasət daha çox qarşılıqlı hörmət, rasional yanaşma və praqmatizmə, daha az ideologiyaya və digər ölkələrin daxili işlərinə müdaxiləyə əsaslanacaq", - deyə o əlavə edib.
Siyarto ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanmasını da müsbət qiymətləndirib: "Bu, digər ölkələrin daxili işlərinə qarışan təşkilatların maliyyələşdirilməsini əhəmiyyətli dərəcədə azaldacaq".
Qeyd edək ki, Gürcüstanla ABŞ və Aİ arasındakı münasibətlər 2024-cü ilin mayında Gürcüstan parlamentinin "xarici agentlər haqqında" qanunu qəbul etməsindən sonra gərginləşib. ABŞ Dövlət Departamenti bu qanunla əlaqədar olaraq hökumət və parlament üzvləri, onların ailə üzvləri və hüquq-mühafizə orqanlarının nümayəndələri də daxil olmaqla, onlarla gürcü vətəndaşa qarşı viza sanksiyaları tətbiq etdiyini açıqlayıb. ABŞ-nin sabiq dövlət katibi Antoni Blinken isə 2024-cü ilin iyulunda bu qanuna görə Tbilisiyə göstərilən 95 milyon dollardan çox yardım proqramını dayandırmaq qərarına gəldiklərini bəyan edib. Avropa İttifaqı da eyni səbəbdən Gürcüstan Müdafiə Nazirliyinə ayrılması planlaşdırılan 30 milyon avroluq maliyyə yardımını dondurub.