Kobaxidze: Gürcüstan Rusiya ilə sülh siyasətinə sadiqdir – ÖZƏL
11 Aprel 15:18 DünyaGürcüstan Rusiya ilə mövcud ərazi problemlərinə baxmayaraq, sülh münasibətlərinə can atır.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalyada keçirilən diplomatik konfransda çıxışı zamanı bildirib.
"Rusiya Federasiyasına münasibətdə sülh yönümlü siyasət yürüdürük", - deyə Kobaxidze qeyd edib.
Baş nazirin sözlərinə görə, Gürcüstanın Rusiya ilə bağlı ərazi iddiaları qalmaqdadır, lakin ölkə bu məsələyə sülh və praqmatik yanaşma ilə yanaşır. Onun sözlərinə görə, Tbilisi ilə Moskva arasında diplomatik münasibətlər olmasa da, iqtisadi və ticarət sahəsində əməkdaşlıq davam edir və bu da Gürcüstanın ümumi strateji baxışının tərkib hissəsidir.
Kobaxidze əlavə edib ki, Gürcüstanın bu siyasəti effektivdir və ölkənin iqtisadiyyatı uğurla inkişaf edir. O, Gürcüstanın Cənubi Qafqazda hər zaman sülhün möhkəmləndirilməsində müsbət rol oynadığını vurğulayıb.
"Regionumuz kiçik olsa da, olduqca mürəkkəbdir, müxtəlif ölkələr arasında mövcud münaqişələr var. Amma Gürcüstan həmişə regionda, o cümlədən Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi istiqamətində müsbət rol oynayıb. Hesab edirəm ki, bütün qonşu ölkələr Gürcüstanın əməkdaşlığın dərinləşdirilməsi və ətrafda sülhün gücləndirilməsi yolundakı rolunu yüksək qiymətləndirir", - deyə o bildirib.