Fransa Rusiya ilə müharibəyə HAZIRLAŞIR - Gizli plan İFŞA OLUNDU

Fransa hərbçiləri NATO ilə Rusiya arasında mümkün toqquşma ehtimalına qarşı Ukrayna və Moldova ilə sərhəddə yerləşən Rumıniya ərazisinin xəritələrini hazırlayırlar. 

Olaylar.az xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" qəzeti yazıb.

Nəşrin məlumatına görə, 2024-cü ildə Fransanın Quru Qoşunlarının yeganə hərbi topoqrafiya bölməsi olan 28-ci Əlahiddə Bölməsinin hərbçiləri Rumıniyaya ezam olunublar.

Onların əsas məqsədi ərazi xəritələrinin yenilənməsi olub. Xüsusi diqqət isə NATO-nun qiymətləndirməsinə əsasən Rusiya qoşunlarının irəliləyə biləcəyi ehtimal olunan istiqamətlərdən biri olan Karpat dağları ilə Dunay çayı arasında yerləşən Fokşani dəhlizinə yönəlib.

Bölmənin komandiri polkovnik Qiyom Şmidt qeyd edib ki, döyüş şəraitində qoşunlar hətta peyk naviqasiyası sistemləri sıradan çıxsa belə, fəaliyyətə hazır olmalıdırlar.

"Əvvəlcədən hazırlanmış yerüstü nişanlar qoşunlara öz mövqelərini dəqiq müəyyənləşdirməyə və tapşırıqları yerinə yetirməyə imkan verəcək", - deyə o bildirib.

Fransız polkovniki Jerom isə missiyanın məqsədini belə izah edib: "Müttəfiqlər mümkün döyüş sahəsi ilə bağlı yenilənmiş məlumatlara ehtiyac duyurdular".

Onun sözlərinə görə, NATO ölkələrinin silahlı qüvvələri silah sistemlərinin harada yerləşdirilə biləcəyini və texnikanın hərəkəti üçün uyğun marşrutları öncədən nəzərə almalıdırlar.

Fransa topoqraflarının və Rumıniya Milli Kartoqrafiya Agentliyinin birgə fəaliyyəti nəticəsində ərazinin üçölçülü xəritəsi hazırlanıb. Bu xəritə ordu üçün dəyərli məlumatları ehtiva edir və dəqiqlik baxımından kommersiya xəritəçəkmə xidmətlərini üstələyir.

"Xəritə bizə körpülərin və potensial keçidlərin yerini dəqiq müəyyənləşdirməyə imkan verir ki, bu da arxa xidmətlərə diqqəti öz tapşırıqlarına yönəltməyə kömək edəcək", - serjant Coanni izah edib.

Bundan əlavə, hərbçilər üçün maraq kəsb edən infrastruktur obyektlərinin kataloqu və təxminən hər 5 km məsafədə yerləşən orientirlərin siyahısı da tərtib olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31