Çin ABŞ məhsullarına 125 faizlik gömrük rüsumu tətbiq edir- ÖZƏL

Çin ABŞ-dan idxal olunan bütün məhsullara 125 faizlik gömrük rüsumu tətbiq etdiyini açıqlayıb. Qərar 12 aprel tarixindən qüvvəyə minəcək. Olaylar.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Çin Dövlət Şurasının Gömrük-Tarif Komissiyasının bəyanatında qeyd olunub ki, "ABŞ-ın Çinə qarşı tətbiq etdiyi həddən artıq yüksək tariflər beynəlxalq iqtisadi və ticarət qaydalarını ciddi şəkildə pozur, əsas iqtisadi qanunlara və sağlam düşüncəyə ziddir və yalnız birtərəfli təzyiq və məcburiyyət formasıdır".

Komissiyanın fikrincə, ABŞ tarifləri daha da yüksəltsə belə, bunun artıq iqtisadi məntiqi qalmayacaq və bu addım dünya iqtisadiyyatı tarixində "zarafat" kimi qiymətləndiriləcək.

"Hazırkı tarif şəraitində ABŞ məhsullarının Çin bazarına idxalı mümkün deyil. Əgər ABŞ Çin mallarına tarifləri artırmaqda davam edərsə, Çin tərəfi bunu nəzərə almayacaq," - deyə Dövlət Şurasının bəyanatında bildirilib.

Qurum həmçinin əlavə edib ki, əgər ABŞ Çinin maraqlarına ciddi zərbə vurmağa davam edərsə, Pekin sərt əks-tədbirlər görəcək və sona qədər mübarizə aparacaq.

Qeyd edək ki, aprelin 10-da ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan məhsullara tətbiq edilən tarifləri 145 faizə qaldırıb. Ağ Evdən verilən açıqlamada bildirilir ki, bir gün əvvəl elan edilən 125 faizlik tariflərə mart ayında fentanil istehsalı və tədarükü ilə bağlı tətbiq olunan 20 faiz əlavə edilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31