İran ABŞ-la nüvə danışıqlarında müvəqqəti razılaşma təklif edəcək – ÖZƏL
11 Aprel 2025 10:43 Dünyaİran 12 aprel tarixində Omanda ABŞ-la keçirilməsi planlaşdırılan danışıqlarda Vaşinqtona müvəqqəti nüvə sazişi təklif etməyə hazırlaşır. Olaylar.az xəbər verir ki, bu barədə "Axios" platforması Avropa diplomatı və vəziyyətlə tanış digər mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İran tərəfi iki ölkə arasında hərtərəfli nüvə razılaşmasına keçid etməzdən əvvəl, gərginliyin artmasının qarşısını almaq üçün vaxt qazanmaq məqsədilə ilkin müvəqqəti razılaşma üzərində işləməyi təklif edir. ABŞ Prezidenti Donald Tramp isə İrana yeni nüvə sazişi üzrə danışıqlar üçün iki ay vaxt verdiyini və əks təqdirdə hərbi gücdən istifadə edəcəyi ilə hədələdiyini bəyan edib.
Axios-un mənbələrinin bildirdiyinə görə, İran tərəfi belə mürəkkəb bir razılaşmanı iki ay ərzində əldə etməyin qeyri-real olduğunu düşünür və bu səbəbdən müvəqqəti addımlarla prosesə başlamağa çalışır.
İddia olunur ki, müvəqqəti razılaşmaya İranın uranı zənginləşdirmə fəaliyyətinin müəyyən hissələrini dayandırması, 60 faiz zənginləşdirilmiş uran ehtiyatlarının azaldılması və BMT-nin Nüvə Nəzarətçilərinə - MAQATE nümayəndələrinə - ölkənin nüvə obyektlərinə daha geniş çıxış imkanlarının verilməsi daxil ola bilər.
Bundan əlavə, 2015-ci il nüvə sazişinin tərkib hissəsi olan və İran razılaşmanı pozacağı təqdirdə BMT Təhlükəsizlik Şurasının sanksiyalarını avtomatik şəkildə bərpa edən "snapback" mexanizminin müddətinin uzadılması da gündəmdədir. Qeyd edək ki, bu mexanizmin müddəti cari ilin oktyabrında başa çatır.
Axios-un məlumatına görə, İran müvəqqəti razılaşma müqabilində ABŞ-dan Prezident Trampın İrana qarşı "maksimum təzyiq" siyasətini dayandırmağı tələb edə bilər.
Qeyd edək ki, İranın ali lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şamxani bəyan etmişdi ki, əgər ABŞ və İsrail İrana qarşı hərbi təhdidlərini davam etdirsələr, Tehran MAQATE ilə əməkdaşlığı tam dayandıracaq və bütün beynəlxalq müşahidəçiləri ölkədən çıxaracaq.
12 aprel danışıqlarında İran nümayəndə heyətinə ölkənin xarici işlər naziri Abbas Əraqçi, ABŞ tərəfinə isə Prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edəcək. İran tərəfi danışıqların dolayı yollarla aparılacağını bildirərkən, Vaşinqton danışıqların birbaşa olmasında israr edir.