Zaxarova: Avropalıların məsuliyyətsiz davranışları nüvə münaqişəsinə yol aça bilər – ÖZƏL

Avropalılar dərk etmirlər ki, onların məsuliyyətsiz davranışları İkinci Dünya Müharibəsindən bəri ən böyük silahlı münaqişəyə gətirib çıxara bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

"Briusseldə düşünürlər ki, Volodimir Zelenskinin mövqeyinin güclənməsinə guya "istəkli ölkələr koalisiyası" yardım edəcək", - deyə diplomat qeyd edib. - "Bu, Şimali Atlantika Alyansına üzv olan və Ukraynada - banderovçu rejimin hökm sürdüyü ölkədə - birbaşa hərbi iştirak üçün səbirsizlənən dövlətlərin ən radikal hissəsidir".

Zaxarovanın sözlərinə görə, həmin ölkələr "sammitlər, baş qərargah rəislərinin görüşlərini" təşkil edirlər, lakin "öz məsuliyyətsiz addımlarının nüvə dövlətlərinin iştirakı ilə İkinci Dünya Müharibəsindən bəri ən böyük silahlı münaqişəyə gətirib çıxara biləcəyini dərk etmirlər".

Rusiya XİN sözçüsü bildirib ki, bu "narahat manyaklar qrupunun" əsas təşəbbüskarları Böyük Britaniya və Fransa, xüsusilə də Fransa Prezidenti Emmanuel Makrondur.

Qeyd edək ki, martın 27-də Parisdə "istəkli ölkələr koalisiyası" sammiti keçirilib. Tədbirdə təxminən 30 ölkənin nümayəndələri Ukraynadakı münaqişə başa çatdıqdan sonra Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsini müzakirə ediblər. Əsas mövzulardan biri də Ukrayna ərazisində hərbi kontingentin yerləşdirilməsi olub. ABŞ bu sammitdə iştirak etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31