ABŞ Çin haqqında böhtan ataraq Panama kanalına nəzarəti ələ almağa çalışır – ÖZƏL
9 Aprel 2025 12:51 DünyaOlaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian bəyan edib ki, ABŞ hakimiyyəti Çinlə bağlı böhtan xarakterli bəyanatlar verərək, Panama kanalına nəzarəti ələ keçirmək planlarını əsaslandırmağa çalışır.
"ABŞ-ın yüksək rütbəli rəsmiləri Çin haqqında qərəzli hücumlar edir, Çinlə Panama arasındakı əməkdaşlığı gözdən salır və nüfuzuna xələl yetirir. Biz ABŞ-ı xəbərdarlıq edirik: Çinlə bağlı şayiələr yaymaqdan və Panamadakı vəziyyəti bəhanə edərək bu bölgəyə nəzarəti ələ keçirməyə çalışmaqdan əl çəkin", - deyə Lin Cian brifinq zamanı bildirib.
Onun sözlərinə görə, ABŞ bir daha "hegemonluq və qorxutma" siyasətini nümayiş etdirir. Çin isə bu yanaşmaya qəti şəkildə qarşıdır.
"Bütün dünya bilir ki, Panama kanalına nəzarəti kim ələ keçirmək istəyir. ABŞ güzgüyə baxmalı və digər ölkələrin suverenliyinə və inkişafına əsl təhlükənin kimdən gəldiyini görməlidir", - deyə Lin əlavə edib.
Qeyd edək ki, ABŞ müdafiə naziri Pit Hegset ötən gün bəyan etmişdi ki, rəsmi Vaşinqton Çin və Çin şirkətlərinin Panama kanalına təsirini azaltmaq niyyətindədir. Onun sözlərinə görə, ABŞ və Panama təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı bərpa etmək üçün birgə addımlar atır. Hazırda iki ölkə birgə dəniz təlimləri keçirir və bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi planlaşdırılır.