İran və ABŞ arasında nüvə danışıqları- ÖZƏL
9 Aprel 2025 11:15 Dünyaİranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, ABŞ-la Omanda keçiriləcək qarşıdakı danışıqlar Vaşinqtonun Tehranla dürüst və xoşniyyətli dialoqa nə dərəcədə sadiq olduğunu göstərmək baxımından bir imtahan olacaq. Olaylar.az xəbər verir ki, bu barədə Araqçi Əlcəzairə səfəri zamanı danışıb.
"Masqatda keçiriləcək danışıqlar diplomatiya üçün yeni fürsətdir, həm də ABŞ-nin səmimiyyətinin yoxlanmasıdır. Çünki onların keçmişdə bir çox etibarsız addımları olub," - deyə İran XİN-in Telegram kanalında Araqçinin sözlərinə istinadən qeyd olunub.
Nazir əlavə edib ki, danışıqların mövzusu yalnız İranın nüvə proqramı olacaq: "Söhbət İranın nüvə proqramının dinc məqsədlərə xidmət etdiyinə dair təminatların verilməsi və bu əvəzində ədalətsiz sanksiyaların ləğvindən gedir."
Xatırladaq ki, 7 martda ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Ayətullah Əli Xameneiyə nüvə proqramı ilə bağlı danışıqlar aparmaq təklifi ilə məktub göndərib. Mart ayının sonunda İran XİN başçısı Tehranın Oman vasitəsilə bu məktuba cavab verdiyini açıqlayıb.
Bazar ertəsi günü məlum olub ki, bu yazışmadan sonra tərəflər ilk danışıqlar raundunun 12 aprel tarixində Omanın paytaxtı Masqatda keçirilməsi barədə razılığa gəliblər. Danışıqlarda İranı Abbas Araqçi, ABŞ-ı isə Prezident Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edəcək.