Dekanoidze: İvanişvili Gürcüstanı Rusiyaya təslim etmək istəyir – ÖZƏL

"Vahid Milli Hərəkat"ın üzvü Xatya Dekanoidzenin sözlərinə görə, 9 Aprel memorialı önünə toplaşan vətəndaşlarla süni qarşıdurma yaratmaq məqsədilə "Gürcü Arzusu" hökuməti dövlət qulluqçularını əraziyə gətirib.

Olaylar.az xəbər verir ki, Dekanoidze "Interpressnews"a verdiyi açıqlamada bildirib ki, Bidzina İvanişvili Gürcüstanı Rusiyanın təsiri altına salmaq və ölkəni öz şəxsi mülkiyyətinə çevirmək istəyir:
"İvanişvili hər şeyi edir ki, insanları ölkədən qovsun, gəncləri həbs etsin və ya qaçmağa məcbur etsin, xalqı yoxsulluqda və ağır vəziyyətdə saxlasın. Yalnız özü və onun kleptokratik, oliqarxik rejimi yaxşı yaşasın. Bu insanlar məhkumların ailə üzvləridir. Burada baş verən isə odur ki, "Gürcü Arzusu"nun üzvləri və dövlət qulluqçuları qəsdən gətirilib ki, məhkumların analarına və ailələrinə qarşı süni qarşıdurma yaratsınlar. Bu rejimin nəyə qədər gedə bildiyini təsəvvür etmək belə çətindir. Ona görə də bizim mübarizəmiz davam edir. 9 Aprel təkcə faciə deyil, həm də müstəqilliyimizin böyük bayramıdır. Biz bu gün də müstəqillik uğrunda mübarizə aparırıq," - deyə o bildirib.

Qeyd edək ki, Gürcüstan Parlamentinin qarşısında yerləşən 9 Aprel memorialı önündə vətəndaşlar toplaşmağa davam edir. Hadisə yerində bir müddət öncə mübahisə və sözlü qarşıdurma yaşanıb. Aksiya iştirakçılarının bir hissəsi digər vətəndaşların memoriala yaxınlaşmasına imkan vermədiklərini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31