ABŞ Dövlət Departamenti: Salvador artıq Fransa və Almaniyadan daha təhlükəsizdir- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Dövlət Departamenti xaricə səyahət edən amerikalılar üçün təhlükəsizlik tövsiyələrini yeniləyib və Mərkəzi Amerikada yerləşən Salvadoru bir sıra Avropa ölkələrindən daha təhlükəsiz ölkə kimi qiymətləndirib.

Departamentin yenilənmiş məlumatında qeyd olunur ki, Salvador artıq "birinci kateqoriyalı" ölkələr siyahısına daxildir. Bu isə o deməkdir ki, amerikalılara bu ölkəyə səyahət zamanı "adi ehtiyat tədbirlərinə riayət etmək" tövsiyə olunur. "Son üç il ərzində cinayətkar qruplaşmaların fəaliyyəti azalıb. Bu da zorakı cinayətlərin və qətllərin sayının kəskin enməsinə səbəb olub", - deyə sənəddə vurğulanır.

Eyni zamanda, Belçika, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Niderland, Fransa və İsveç kimi səkkiz böyük Avropa ölkəsi "ikinci kateqoriyalı" siyahıya daxildir. Bu ölkələrdə olan ABŞ vətəndaşlarına "artırılmış təhlükəsizlik tədbirləri" görmək tövsiyə olunur. Bu qərarın əsas səbəbi kimi həmin ölkələrdə terror aktları təhlükəsi göstərilir.

Salvadorun status dəyişikliyi ilə bağlı ABŞ dövlət katibi Marko Rubio "X" sosial platformasında paylaşım edib. O, həmçinin Salvador prezidenti Nayib Bukelenin paylaşımını da yayımlayıb. Bukele qeyd edib ki, ölkəsi Dövlət Departamentindən "təhlükəsizlik nişanı" alıb. Gözlənilir ki, Bukele aprelin 14-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşəcək.

Trampın Ağ Evə qayıdışından sonra ABŞ ilə Salvador arasında ikitərəfli əməkdaşlıq canlanıb. Bu çərçivədə Salvador, ABŞ tərəfindən "terrorçu" elan edilərək ölkədən çıxarılan və əsasən Venesueladan olan şəxsləri qəbul etmək üçün yeni saxlanma mərkəzi yaradıb. Hazırda həmin mərkəzdə təxminən 240 nəfər saxlanılır. Venesuela hakimiyyəti isə Vaşinqtonu vətəndaşlarını əsassız olaraq cinayətkar qruplaşmalara aid etməkdə və onlardan qurtulmaq məqsədilə bu cür addımlar atmaqda ittiham edir.

Qeyd edək ki, Nayib Bukelenin hakimiyyətə gəlməsinə qədər Salvador cinayətkarlıq səviyyəsinə görə dünyanın ən təhlükəli ölkələrindən biri hesab olunurdu. 2015-ci ildə ölkədə hər 100 min nəfərə 103 qətl hadisəsi düşürdü ki, bu da dünyada ən yüksək göstəricilərdən biri idi. 2019-cu ildə Bukele cinayətkar qrupların fəaliyyətinə son qoyacağı vədi ilə hakimiyyətə gəldi. 2022-ci ildə fövqəladə vəziyyət rejimi tətbiq edilərək hüquq-mühafizə orqanlarına geniş səlahiyyətlər verildi. Bu tədbirlər beynəlxalq hüquq müdafiəçiləri tərəfindən tənqid edilsə də, 2024-cü ildə ölkə rəhbərliyi zorakı cinayətlərin rekord səviyyədə azaldığını açıqladı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31