KXDR hərbçiləri Cənubi Koreya ilə sərhəddə demarkasiya xəttini keçib – ÖZƏL
8 Aprel 16:51 DünyaOlaylar.az xəbər verir ki, Cənubi Koreya ilə Şimali Koreya arasındakı demilitarizasiya zonasında gərginlik yaşanıb. Cənubi Koreya Baş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, təxminən 10 nəfərlik Şimali Koreya hərbçisi yerli vaxtla saat 17:00 radələrində hərbi demarkasiya xəttini keçib.
Cənubi Koreya tərəfi əvvəlcə texniki vasitələrlə xəbərdarlıq edib, daha sonra isə xəbərdarlıq atəşi açıb. Hadisədən sonra KXDR hərbçiləri demarkasiya xəttinin şimalına geri dönüblər.
Hadisənin ölkənin şərq hissəsində baş verdiyi qeyd olunur. Komitə bildirib ki, KXDR ordusunun fəaliyyəti diqqətlə izlənilir və əməliyyat qaydalarına uyğun tədbirlər görülür.
Bundan öncə komitənin rəsmi nümayəndəsi sərhəd boyu təqribən 1500 Şimali Koreya əsgərinin fəaliyyət göstərdiyini, əraziləri təmizlədiklərini və tikanlı məftillərlə baryerlər quraşdırdıqlarını qeyd edib. Bununla belə, Cənubi Koreya tərəfi bu aktivliyi qeyri-adi saymadığını bildirib.