ABŞ-Rusiya görüşünün tarixi açıqlandı - İstanbulda olacaq
8 Aprel 16:20 DünyaKreml sözçüsü Dmitri Peskov Rusiya və ABŞ nümayəndə heyətləri arasında 10 aprel tarixində İstanbulda keçiriləcək danışıqlarda Rusiya tərəfinin Xarici İşlər Nazirliyi səviyyəsində təmsil olunacağını bildirib.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, Moskva şəhərində jurnalistlərin suallarını cavablandıran Peskov, müzakirələrlə bağlı ətraflı məlumatın Rusiya Xarici İşlər Nazirliyi tərəfindən veriləcəyini qeyd edib.
Peskov həmçinin Rusiya ilə ABŞ arasında Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (New START) yenidən qüvvəyə minməsi ehtimalına münasibət bildirib. O vurğulayıb ki, belə danışıqlar üçün əvvəlcə ikitərəfli münasibətlərin yaxşılaşdırılması və qarşılıqlı etimadın formalaşması vacibdir.
"Strateji sabitliklə bağlı danışıqları hələlik düşünmək çətindir. Bu cür danışıqlar üçün iki ölkə arasında münasibətlərin müəyyən səviyyəyə çatması və qarşılıqlı inamın bərqərar olması lazımdır", - deyə Kreml sözçüsü qeyd edib.
Peskov əlavə edib ki, silah nəzarətinə dair mümkün danışıqlarda digər ölkələrin nüvə arsenalının da nəzərə alınması vacibdir.