Qəzzaya müharibədən sonra fələstin nəzarət etməlidir- ÖZƏL

Fransa, Misir və İordaniya liderləri Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün Qahirədə üçtərəfli sammit keçiriblər. Olaylar.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və İordaniya kralı II Abdullahın birgə bəyanatında qeyd olunub ki, müharibədən sonra Qəzzada idarəçilik Fələstin Administrasiyasına verilməlidir.

CNN-nin məlumatına görə, liderlər 19 yanvarda imzalanmış razılaşmanın həyata keçirilməsini, bütün girovların azad olunmasını və hər kəsin təhlükəsizliyinə təminat verilməsini tələb ediblər. Onlar həmçinin Qəzzada atəşkəs rejiminin dərhal bərpa olunmasına və bölgəyə humanitar yardımın göstərilməsinə çağırıblar.

Birgə bəyanatda vurğulanıb: "Qəzzada və bütün Fələstin ərazilərində idarəçilik, qanun və təhlükəsizlik beynəlxalq dəstəklə Fələstin Administrasiyasının məsuliyyəti altında olmalıdır."

Liderlər həmçinin İordan çayının qərb sahilində və Şərqi Qüdsdə humanitar vəziyyətin pisləşməsindən narahat olduqlarını bildiriblər. Onlar fələstinlilərin torpaqlarından çıxarılmasına və ərazilərin ilhaqına yönəlmiş istənilən cəhdi rədd etdiklərini vurğulayıblar.

Bəyanatda, həmçinin 4 martda Qahirədə keçirilmiş Ərəb Sammitində qəbul edilmiş və 7 martda İslam Əməkdaşlıq Təşkilatı tərəfindən təsdiqlənmiş Qəzzanın bərpası planına beynəlxalq dəstək göstərilməsi çağırışı yer alıb.

Misir Prezident Administrasiyasının yaydığı məlumata görə, sammit çərçivəsində Misir, Fransa və İordaniya liderləri 7 aprel tarixində ABŞ Prezidenti Donald Trampla birgə telefon danışığı apararaq Qəzzada atəşkəsin təcili təmin olunması yollarını müzakirə ediblər.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron 6 aprel axşamı Qəzzada müharibənin dayandırılması imkanlarını müzakirə etmək məqsədilə rəsmi səfərlə Misirə gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31