Yaponiya Ukraynaya hərbi yardım missiyasına qoşulur – ÖZƏL
8 Aprel 2025 16:01 DünyaYaponiya Müdafiə Nazirliyi NATO-nun Ukraynaya hərbi yardım və ordu hazırlığı üzrə koordinasiya missiyasına qoşulacaq. Olaylar.az xəbər verir ki, bu barədə Yaponiya müdafiə naziri Gən Nakatani NATO-nun baş katibi Mark Ryutte ilə görüşü zamanı bildirib. Məlumatı Kyodo agentliyi yayıb.
Yaponiya tərəfi bu addımı Avro-Atlantik və Hind-Sakit okean regionlarının təhlükəsizliyinin "bölünməzliyi" prinsipinə əsaslanaraq atdığını vurğulayıb və NATO ilə sıx əməkdaşlıq niyyətində olduğunu bəyan edib. Nazirlik Ryuttenin Yaponiyaya səfəri çərçivəsində Müdafiə Qüvvələrinin Yokosukadakı bazasına baş çəkdiyini, "Moqami" freqatına baxış keçirdiyini və Kamakurada yerləşən Mitsubishi Electrik zavodunu ziyarət etdiyini bildirib.
Ryuttenin səfəri 10 aprelə qədər davam edəcək. NATO baş katibinin səfər çərçivəsində Yaponiya baş naziri Şigeru İşıba ilə də görüşəcəyi gözlənilir.
Yaponiyanın NATO ilə əməkdaşlığı son illərdə nəzərəçarpacaq dərəcədə genişlənib. Ölkə baş naziri dəfələrlə alyansın sammitlərində iştirak edib. 2023-cü ildə NATO Tokioda daimi nümayəndəlik açmaq təşəbbüsü ilə çıxış etsə də, bu məsələ üzrə yekun razılaşma əldə olunmayıb. Buna baxmayaraq, 2024-cü ilin yanvarında Brüsseldə Yaponiyanın NATO yanında ayrıca daimi nümayəndəliyi fəaliyyətə başlayıb. Əvvəllər bu funksiyanı ölkənin Belçikadakı səfirliyi yerinə yetirirdi.
Digər tərəfdən, Rusiya tərəfi Yaponiyanın bu addımına sərt reaksiya verib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Tokio Kiyev rejiminə dəstəyi davam etdirəcəyi təqdirdə, Rusiya Yaponiyaya qarşı əlavə əks-təsir tədbirləri işləyib hazırlayacaq. Onun sözlərinə görə, Rusiya ilə Yaponiyanın münasibətlərində tam formatlı dialoq və əməkdaşlığın bərpası yalnız Tokio Rusiya iqtisadiyyatı və vətəndaşlarına zərər vurmaq cəhdlərindən imtina etdikdən sonra mümkün olacaq.