Tramp Qəzzanı "vacib daşınmaz əmlak" adlandırdı - ÖZƏL
8 Aprel 2025 14:02 DünyaABŞ prezidenti Donald Tramp bildirib ki, o, Qəzza sektorundakı müharibənin sona çatmasını istəyir və bu istiqamətdə yeni atəşkəs razılaşması əldə etməyə çalışır. Olaylar.az xəbər verir ki, bu barədə Tramp, İsrailin baş naziri Benjamin Netanyahu ilə Ağ Evdə jurnalistlərə danışarkən bildirib.
Tramp bildirib ki, müharibə bir vaxtlar dayana bilər və bu, çox uzaq olmayan gələcəkdə baş verəcək. O, əlavə edib ki, ABŞ, girovların azad edilməsi üçün əllərindən gələni edirlər. "Girovların bəzisini geri qaytardıq, amma bu uzun prosesdir. Bu, çox uzun çəkməməlidir", - deyə prezident vurğulayıb.
Tramp, həmçinin Qəzza sektorunda yaşayan fələstinlilərin müxtəlif ölkələrə köçürülməsini nəzərdən keçirdiklərini, bununla da sektoru "azad zona"ya çevirmək mümkün olacağını qeyd edib. O, bəzi ölkələrin Qəzza sakinlərini qəbul etməyə hazır olduqlarını bildirib, lakin adlarını açıqlamayıb.
Tramp, Qəzza sektorunun "inanılmaz dərəcədə vacib əmlak" olduğunu söyləyib və ABŞ-nin orada sülhməramlı qüvvələr yerləşdirib sektoru idarə etməsinin faydalı olacağını düşünür. "Bu, bizim iştirak edəcəyimiz bir məsələ olacaq", - deyə prezident əlavə edib.
Tramp, 2023-cü il oktyabrın 7-nin "dəhşətli bir gün" olduğunu, bu günün tarixə "ən pis günlərdən biri" kimi keçəcəyini qeyd edib və ABŞ-nin İsraili dəstəkləməyə davam edəcəyini vurğulayıb. O, ABŞ-nin İsraillə illik 4 milyard dollar məbləğində dəstək verdiyini və bunu davam etdirəcəyini bildirib.
İsrailin baş naziri Netanyahu isə qeyd edib ki, onlar Qəzza sektorunda girovların azad edilməsi üçün yeni razılaşma üzərində işləyirlər və bu məsələyə müvəffəqiyyətlə nail olmağa ümid edirlər.