Çin ABŞ-nin gömrük tariflərini sərtləşdirməsinə qəti vavab verəcəyini bildirib- ÖZƏL
8 Aprel 2025 10:41 DünyaÇin, ABŞ-nin Çin mallarına qarşı gömrük tariflərini sərtləşdirməsi halında, öz hüquq və maraqlarını qorumaq üçün qəti əks tədbirlər görəcəyini bəyan edib. Olaylar.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Çin Ticarət Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Açıqlama, ABŞ-nin Çin məhsullarına əlavə olaraq 50 faiz tarif tətbiq edə biləcəyi ilə bağlı verdiyi xəbərdarlıqlardan sonra səsləndirilib. Nazirlik rəsmisi bildirib ki, ABŞ-nin Çinə qarşı tətbiq etdiyi "qarşılıqlı tariflər" heç bir əsas daşımır və bu, birtərəfli hədə qorxutma aktıdır.
Məlumata görə, Çinin atdığı əks tədbirlər tamamilə qanunidır və ölkənin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumağa, eləcə də beynəlxalq ticarətin normal qaydalarını saxlamağa xidmət edir. Nazirlik rəsmisi əlavə edib ki, Çin ABŞ-nin gömrük təhdidləri ilə şantajına heç vaxt boyun əyməyəcək və bu proseslə sona qədər mübarizə aparacaq.
"Çin bir daha bəyan edir ki, ticarət müharibəsinin qalibi yoxdur, proteksionizm heç bir nəticə vermir... Çin ABŞ-i bütün yanlış addımları düzəltməyə, birtərəfli tarif tədbirlərini ləğv etməyə, iqtisadi və ticarət təzyiqlərinə son qoymağa və bütün fikir ayrılıqlarını qarşılıqlı hörmətə əsaslanan dialoq yolu ilə həll etməyə çağırır," - deyə nazirlik nümayəndəsi bildirib.
Qeyd edək ki, 2 aprel tarixində ABŞ Prezidenti Donald Tramp, ölkəyə idxal edilən məhsullara minimum 10 faiz tarif tətbiq ediləcəyini açıqlayıb. O, ayrı-ayrı ölkələrə fərdi tariflər təyin edib. Çin məhsullarına tətbiq olunan gömrük rüsumları isə 34 faiz təşkil edir.