Suriyada qorxulu iddia: “100-dən çox kimyəvi silah anbarı var”
16:07 DünyaKimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (KSQT) Suriyada Bəşər Əsəd rejimindən qalan 100-dən çox kimyəvi silah obyektinin mövcudluğundan şübhələndiyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə "New York Times" qəzetinin yayımladığı hesabatda məlumat verilir.
Məlumata əsasən, bəzi kimyəvi silah anbarları mağaralar və aşkarlanması çətin olan digər gizli yerlərdə yerləşə bilər. Həmin obyektlərin Əsəd rejimi dövründə kimyəvi silahların hazırlanması və sınaqdan keçirilməsi üçün istifadə edildiyi bildirilir. Bu iddialar rejimin daha əvvəl etiraf etdiyi rəqəmləri çox geridə qoyur.
Əsəd rejimi on ildən artıq davam edən vətəndaş müharibəsi ərzində müxaliflərə və mülki əhaliyə qarşı sarin və xlor qazı kimi kimyəvi maddələrdən istifadə etməkdə ittiham olunur.
Suriya Mülki Müdafiə Təşkilatının rəhbəri Raid Salih məsələ ilə bağlı açıqlamasında bildirib:
"Əvvəlki administrasiya Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına yalan danışdığı üçün indi bilinməyən bir çox yer mövcuddur" .
Suriya hökuməti 2013-cü ildə Dəməşq yaxınlığında baş verən və yüzlərlə insanın ölümünə səbəb olan kimyəvi hücumdan sonra silah ehtiyatlarını təhvil verməyə razılaşmışdı. Lakin həmin vaxtdan bu yana bir çox beynəlxalq qurumlar rejimin bəzi kimyəvi maddələri gizlətdiyini və sonrakı illərdə yenidən istifadə etdiyini iddia edirlər.
Mütəxəssislər bildirirlər ki, bu obyektlərdə sarin qazı ilə yanaşı, xlor və xardal qazı kimi Kimyəvi Silahlar Konvensiyası ilə qadağan edilmiş maddələr də ola bilər.
Hazırda beynəlxalq təşkilatlar Suriyada mümkün olan bu obyektlərin tapılıb zərərsizləşdirilməsi istiqamətində səylərini davam etdirirlər. Məlumata görə, təhlükənin miqyası əvvəlcədən təsəvvür olunandan daha geniş ola bilər.