Almaniyada terror təşkilatı yaratmaq ittihamı ilə 7 nəfər saxlanılıb- ÖZƏL
6 İyul 2023 15:33 DünyaAlmaniya Federal Prokurorluğunun verdiyi məlumata görə, ölkə daxilində terror təşkilatı yaratmaq, ona üzv olmaq və DEAŞ terror təşkilatına dəstək verməkdə 7 nəfər ittiham olunur. Onlar, Şimali Reyn-Vestfaliyanın müxtəlif bölgələrindən Tacikistan vətəndaşları Mukhammadshujo A, Nuriddin K, Shamshud N, Said S. və Raboni Z, Qırğızıstan vətəndaşı Abrorjon K. və Türkmənistan vətəndaşı Ata A-dır. 2022-ci ildə Ukraynada başlayan müharibədən sonra Almaniyaya gələn şübhəlilərin həmin ilin iyununda DEAŞ adına ictimaiyyətdə rezonans doğuracaq hücumlar təşkil etmək məqsədi ilə təşkilat qurduqları bildirilib. Qeyd olunub ki, şübhəlilər Almaniyada planlarını həyata keçirmək üçün mümkün yerləri araşdırıb və silah almağa cəhd ediblər, lakin saxlanılana qədər konkret hücum planı olmayıb. Abrorjon K.-dan başqa digər şübhəlilərin 2022-ci ilin aprelindən bəri dəfələrlə DEAŞ üçün topladıqları pulları təşkilata köçürdükləri bildirilib. Şübhəlilər həbs tələbi ilə bu gün və sabah hakim qarşısına çıxarılacaq. Digər tərəfdən, şübhəlilərə qarşı əməliyyatın Hollandiya səlahiyyətliləri ilə əməkdaşlıq çərçivəsində aparıldığı və Hollandiyada 2 nəfərin nəzarətə alındığı paylaşılıb.