Rusiyanın dövlət telekanalında etiraz: daha doğrusu, əvvəlcədən hazırlanmış şou
15 Mart 2022 15:20 DünyaMartın 14-də Rusiya Federasiyasının dövlət telekanal olan "Birinci Kanal"da ciddi insident yaşandı. Aparıcı Yekaterina Andreyevanın arxasında qəflətən əlində plakat tutmuş qadın peyda oldu. Plakatda yazılmışdı: "Müharibəyə yox! Sizi burada aldadırlar!"
Sosial şəbəkələr və Qərb mediası bu qadını qəhrəman sayır.
Amma fikrimcə, əsla belə deyil.
Həmin qadının kimliyi dərhal bilindi. O, "Birinci Kanal"ın redaktoru Marina Ovsyannikovadır.
Məlumatı da ilk yayan Kseniya Sobçak oldu. O, Telegram kanalında Ovsyannikovanın "insident"dən əvvəlki müraciətini də paylaşmışdı.
Həmin müraciətində əslən Ukraynanın Odessa şəhərindən olan M.Ovsyannikova "propaqanda ilə məşğul olan telekanal"da illərlə işləməyinə heyfislənir, Rusiya Prezidenti Vladimir Putini "Ukraynaya qarşı müharibə"də ittiham edir və rusiyalıları mitinqlərə çıxmağa çağırır.
Bütün bunlar Rusiya hakimiyyətinə əsl meydan oxumaqdır.
Lakin baş verənlər etiraz aksiyası yox, yaxşı ssenariləşdirilmiş şou idi.
Səbəblər çoxdur.
1. Rusiyanın federal telekanallarının heç birində gerçək canlı yayım yoxdur. Bütün "canlı yayım"lar 1-2 dəqiqəlik gecikmə ilə verilir.
"Birinci Kanal" isə ölkənin əsas federal telekanalıdır və orada canlı yayım ümumiyyətlə, mümkün deyil.
2. M.Ovsyannikovanın xəbərlərin axşam buraxılışı zamanı studiyaya girməsinin əks olunduğu ilk videokadrlar televizor ekranından çəkilib.
Kiminsə oturub xəbərlər buraxılışını smartfonla çəkməsi ən azı sual doğurur.
3. Kseniya Sobçakın "Ostorojno, novosti" Telegram kanalında insidentin bir neçə, müxtəlif rakurslardan çəkilmiş videoları peyda oldu. Videoların arasında M.Ovsyannikovanın əlində kağız plakat tutaraq studiyaya qaçdığı görüntülər də var.
Bu qaçışın dəhlizdə duranların diqqətini cəlb etdiyi halda, studiyanın mühafizəçilərinin "heç nə görməməsi" təəccüblü deyilmi?
4. Kseniya Sobçakın bəhs etdiyimiz videoları çox sürətlə paylaşması ona dəlalət edə bilərmi ki, M.Ovsyannikova artıq məşhur "etiraz müraciəti"nin videosunu əvvəlcədən ona verib?
5. Bu "insident" ilk əvvəl "Birinci Kanal"ın rəhbəri Konstantin Ernstə gərəkdir: o, rəhbərlik etdiyi kanalda "söz və ifadə azadlığı"nın olduğunu göstərməyə çalışır. Eyni zamanda o, telekanaldakı canlı yayımların gerçəkdən də canlı yayım olduğunu "sübut etmək" istəyib.
Səbəblər çoxdur və sadalamanı uzatmaq olar.
Amma bitirək və bildirək ki, yaşanan olay Rusiyanın növbəti propaqanda gedişi idi.
Çox ustalıqla, əla hazırlanmış gediş.
Milli.Az