"Ukrayna üçün evlər": Britaniya ukraynalı qaçqınlara sığınacaq verənlərə pul ödəyəcək
13 Mart 2022 09:19 DünyaBöyük Britaniya hökuməti "Ukrayna üçün evlər" proqramı çərçivəsində ukraynalı qaçqınlara sığınacaq verəcək sadə britaniyalı ailələrə ayda 350 funt-sterlinq ödəyəcək.
Demokrat.az bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verir.
"Ukrayna üçün evlər" proqramına əsasən, ukraynalıları ən azı 6 ay pulsuz mənzillə təmin edən britaniyalılar nə qədər qaçqın qəbul etməsindən asılı olmayaraq, ayda 350 funt-sterlinq alacaq.
Ukraynalı qaçqınlara Böyük Britaniyada üç il qalmaq, işləmək və dövlət xidmətlərindən istifadə etmək icazəsi veriləcək.
Artıq bu gündən ingilislərin mənzil təkliflərini qeydiyyatdan keçirə biləcəkləri internet saytı fəaliyyətə başlayacaq.
Bununla belə, ölkəyə sığınan bütün ukraynalılar təhlükəsizlik yoxlamasından keçməlidir.
Xatırladaq ki, fevralın 24-də səhər tezdən Rusiya qoşunları Ukrayna ərazisinə soxulub. Düşmən əvvəlcə hərbi obyektləri bombalayıb, sonra isə dinc yaşayış məntəqələrinə, xüsusən Kiyev, Çerniqov, Mariupol, Xarkov, Xerson və Jitomirə hücum edib.
Martın 11-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi 2,5 milyon ukraynalı qaçqının ölkəni tərk etdiyini açıqlayıb.