ABŞ-ın enerji sanksiyası nəyi dəyişəcək?
10 Mart 2022 11:09 DünyaVüqar Bayramov: "Neftin dünya bazarında qiymət artımı digər məhsulların da qiymət artımını şərtləndirir"
Rusiya neftindən imtina edən ABŞ daha qısa zamanda yeni alternativlər tapmağa çalışır. Hətta "siyasətdə daimi düşmənlər və daimi dostlar olmur, daimi maraqlar olur" prinsipinə uyğun Venesueladan daha çox neft idxal etmək üçün danışıqlar da aparılır. Marqlıdır, baş verən proseslər neftin qiymətinə, eləcə də dünya iqtisadiyyatına necə təsir edə bilər? Millət vəkili Vüqar Bayramov hesab edir ki, ABŞ sanksiyadan öncə Rusiyadan idxal etdiyi gündəlik 670 min barel nefti daha qısa müddətdə başqa mənbə hesabına əvəzləməklə həmçinin dünya petrol bazarında kəskin qiymət artımlarını əngəlləmiş olacaq. Digər tərəfdən, Birləşmiş Ştatlarda benzinin qiyməti tarixi rekordadək yüksəlib. Neftin dünya bazar qiymətindəki artımlar digər məhsullarının da qiymət artımını şərtləndirir: "Bütün bunlar fonunda, dünən neft birjalarında volatillik qeydə alındı. Belə ki, 1 bareli 130 dolları keçən Brent markalı neftin qiyməti 110 dollaradək azalsa da sonra da 3 faizə yaxın artım qeydə alındı. Hazırda neft 114 dollara təklif olunur. Qiymət azalmalarının səbəbi Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) hasilatın artırılması ilə bağlı açıqlama verməsi oldu. Gözlənilir ki, OPEC+ alyansında Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ-in hasilatı artırmaq istəyinə dəstək olacaqlar. Qeyd edək ki, OPEC ötən aydan etibarən gündəlik hasilatı 560 min barel artırıb. Sanskiyalar fonunda isə Qərb üçün daha böyük həcmdə artımlara ehtiyac var. Bununla yanaşı, sanskiyalar nəticəsində boşalmaqda olan neft bazarını qısa zamanda doldurmaq texniki baxımdan real görsənmir. Buna görə də, dünən azalan qiymətlər yenidən yüksəlməyə başladı. Amma görünən odur ki, Vaşinqton neftin yüksək qiymətlərində maraqlı olmadığı üçün OPEC-in hasilatı mümkün qədər qısa zamanda artırmasına çalışacaq. Bu da qiymətlərin kəskin artımının qarşısının alınması üçün yetərli ola bilər. Amma hələlik neft birjaları daha çox bəyanatlar ilə idarə olunur. Bazarlar isə real neft tələb edir". Onun bildirdiyinə görə, birjalarda neftin qiyməti son 10 ildə rekord səviyyədə yüksələrək 1 bareli 130 dollara çatıb. ABŞ Dövlət Katibinin Rusiya neftindən imtina müzakirələrinin aparıdığı ilə bağlı açıqlamasından sonra neft bazarına psixoloji təzyiqlər güclənib. Digər tərəfdən, ABŞ qanunverici orqanı da Rusiyanın yalnız xam netfindən deyil, həmçinin enerji məhsullarından imtina ilə bağlı araşdırmaların aparıldığı bildirib: "Bu arada Qərb ölkələrinin İranı yenidən neft bazarına qaytarmaqla danışaqlar apardığı bəlli olub. 157 tirlyon barel neft ehtiyatlari ilə dünyada 4-cü ən böyük rezervlərə malik olan cənub qonşumuz gündəlik 2.4 milyon barel neft hasil edir. Gündəlik 1 milyon barelə yaxın xam neft ixracatı olan İran dünya rezervlərinin 1/10-ə malikdir. Bununla belə, İran gündəlik neft hasilatını qısa zamanda sanksiyalardan əvvəlki səviyyəyə- gündəlik 4.5 milyon barelə çatdırmaq imkanlarına malikdir. Bu isə cənub qonşumuzun daha qısa zamanda qlobal neft bazarına daxil ola biləcəyi anlamına gəlir. Qərb daha qısa zamanda Rusiyanın gündəlik 5 milyon barellik neft ixracatını alternativ mənbələr hesabına əvəzləməyə çalışır. Bu isə o deməkdir, Qərb ölkələri qərarlı olduqları halda Rusiyanın qlobal neft bazarından çəkiləcəyi gün heç də uzaqda deyil. Rəsmi Vaşinqtonun OPEC-ə hasilatın artırılması ilə bağlı açıq mesajlar göndərəcəyi də gözləniləndir. Bununla da Qərb OPEC vasitəsi ilə Rusiya ixracatına digər alternativ mənbənin əldə edilməsinə və qiymətlərin kəskin artımının qarşısını almağa çalışağı istisna deyil". Millət vəkili qeyd edib ki, ABŞ-ın Rusiya neftindən imtina ilə bağlı qərarını gözləmək çox çəkmədi. Ağ Ev Rusiyadan xam neft daxil olmaqla bütün enerji məhsullarının idxalını dayandırır. ABŞ-ın ən yaxın müttəfiqi olan Böyük Britaniya ilin sonunadək Rusiya nefti ilə vidalaşmağı düşünür. Bu zamanadək Böyük Britaniya alternativ mənbələr tapmağı çalışacaq: "Aydındır ki, bu addım dünya bazarında neftin qiymətindəki artımları daha da sürətləndirəcək. Artıq Brent markalı neftin 1 barelinin qiyməti 130 dollardan baha təklif olunur. Sanksiyalar qüvvəyə mindikdən sonra neftin qiymətinin 150 dollaradək yüksəlməsi çox zaman almayacaq. Bəzi ekspertlər isə, Avropanın sanksiyalara qoşulacağı halda neftin 200 dollara satılacağını da istisna etmirlər. ABŞ və Səudiyə Ərəbistanından sonra dünyada üçüncü ən böyük hasilatçı olan Rusiya qlobal bazara gündəlik 5 milyon barel neft çıxarır. ABŞ üçün Rusiya neftindən imtina qərarı elə də çətin deyildi. Çünki Rusiya Birləşmiş Ştatların neft idxalında cəmi 3 faiz paya malikdir. Rusiya enerji ixracatının 50 faizi isə Avropanın payına düşür. Bu baxımdan, Avropada Rusiyadan gələn neft borularının bağlamaq üçün hələlik zaman lazımdır. Birləşmiş Ştatların isə OPEC-dən və xüsusən də Səudiyyə Ərəbistanından neft hasilatını artırmağı istəyəcəyi gözlənilir. Qərb daha qısa zamanda Rusiya neftinə alternativ tapmağa çalışır. Əks addım olaraq Rusiyanın da Avropaya mavi qaz nəqlinin dayandırması da istisna deyil. Avropa qaz idxalının 40 faizini hələ də Rusiyadan almaqdadlr. Bütün hallarda görünən odur ki, bu həftə birjalarda ciddi çalxalanmalar olacaq. Dünya iqtisadiyyatı da yeni dönəmə daxil olmaqdadır. İnfilyasiyanın sürətlənəcəyi bu dönəmdə "İngilis qaydaları" prosesləri diqtə etməkdədir".
Alim