Bu ölkə  koronavirusa görə  peyvəndlənməni  dayandırır

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstriya hökuməti 2022-ci ilin fevralında qüvvəyə minən məcburi peyvənd qanununu dayandırmaq qərarına gəlib. 

Bu barədə martın 9-da  Avstriyanın federal kansleri ofisində Avropa işləri və Konstitusiya naziri Karolin Edtstadler məlumat verib.

Onun sözlərinə görə, respublika hökuməti yanında xüsusi ekspert komissiyası səhiyyə sistemində sabit vəziyyətlə əlaqədar olaraq koronavirusa qarşı məcburi vaksinasiyadan müvəqqəti olaraq imtina etməyi tövsiyə edib. "Səhiyyə naziri ilə məsləhətləşmələrdən sonra biz komissiyanın təklifinə əməl etmək və buna uyğun olaraq məcburi peyvəndləməni dayandırmaq qərarına gəldik", - Edtstadler Vyanada mətbuat konfransında deyib.

O, izah edib ki, müvafiq qanunun fəaliyyətinin dayandırılması əvvəlcə onun müddəaları ilə nəzərdə tutulub. Nazir əlavə edib ki, bu qərar koronavirusun digər mutasiyalarının yayılması səbəbindən məcburi peyvəndin həyata keçirilməsinin fundamental hüquqlara əsassız müdaxilə olması ilə əlaqədar verilib.

Avstriyanın səhiyyə naziri Yohannes Rauchun dediyi kimi, məcburi peyvəndin dayandırılması ekspert komissiyasının yeni hesabatının təqdim olunacağı ən azı iyun ayına qədər qüvvədə olacaq. "Üç ay ərzində yeni qərar veriləcək" deyən Rauch, bunun epidemioloji vəziyyətlə bağlı elmi məlumatlar əsasında veriləcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31