Ordu haqda saxta məlumatlar yayanlara 15 il həbs veriləcək – Duma qanun qəbul etdi

Rusiya hərbçilərinin hərəkətləri haqqında yalan məlumatların yayılmasına görə cəzalar haqqında qanun layihəsi Dövlət Dumasında yekdilliklə və dərhal üç oxunuşda qəbul edilib.

Olaylar.az xəbər verir ki, qanun layihəsi Cinayət Məcəlləsinə yeni maddə (207.3) daxil edir. Buna əsasən, Rusiya silahlı qüvvələrinin hərəkətləri ilə bağlı yalan məlumat yaymaqda təqsirli bilinən şəxsləri 3 ilə qədər həbs gözləyir. Yalan məlumat mütəşəkkil dəstənin tərkibində yayılarsa və ya sübut saxtakarlığı ilə müşayiət olunarsa, cəza müddəti 10 ilə qədər artır. Bu məlumatın yayılması ağır nəticələrə səbəb olarsa, günahkarları 15 ilə qədər həbs gözləyir.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin qanuna bu gün Federasiya Şurasında baxılacağını, sonra imzalanması üçün prezidentə göndəriləcəyini bildirib. Duma Rusiyaya qarşı sanksiya çağırışlarına görə 3 ilə qədər həbs cəzası nəzərdə tutan qanun da qəbul edib. "Roskomnadzor"un bir müddət əvvəl qəbul etdiyi qərara görə isə Rusiya KİV-i hərbi əməliyyatları yalnız Rusiyanın rəsmi mənbələrinin məlumatları əsasında işıqlandırmalıdır. Qurum mediadan Ukraynada baş verənləri "müharibə" və ya "hücum" adlandıran yazıların silinməsini tələb edib və artıq Rusiyanın bir neçə müstəqil KİV-ini bloklayıb.

azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31