Aparıcı dünya dövlətləri Putinin qarşısında aciz görsənirlər
24 Fevral 2022 16:29 Dünya"Amerika Birləşmiş Ştatları və onun NATO üzrə müttəfiqlərinin uzun müddətdən bəri xəbərdarlıq etdikləri, amma inanmağın olduqca çətin olduğu Rusiyanın Ukraynaya müdaxiləsi başladı. Putin növbəti dəfə dünya ictimaiyyətinə qeyri adekvat addımı ilə şok yaşada bildi. Dünən Amerika Birləşmiş Ştatlarını müharibə anonsu verərək qarşıdurmanı artırmağa cəhd etməkdə günahlandıran siyasi qüvvələr çox təəssüf ki, yanıldılar". Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, Ukraynanın Rus raketləri qarşısında məhv olduğunu seyr edən aparıcı dünya dövlətləri Putin qarşısında necə aciz olduqlarını təsdiq etməkdən başqa yolları olmadığını təsdiq edirlər: "Vaxtında Ukraynanı müdafiə etmək və Rusiyanın ambisiyalarının qarşısını almaq üçün zəruri tədbirləri görmədiklərinə görə bu dövlətlər necə də yazıq görünür. Zelenskinin dediyi kimi bundan sonra Avropa və Amerikanın Rusiyaya tətbiq eddəcəkləri sanksiyaların əhəmiyyəti nə olacaq? Vəziyyət həqiqətən, olduqca təhlükəli səviyyəyə çatıb. Rusiyanın Ukraynaya müdaxiləsini saxlaya bilməyən Amerika və Avropa sabah Putini öz qarşılarında görəcəklərinə heç şübhə etmir və indiki təlaşlarının səbəbi də sabah Rusiya ilə üz-üzə gəlməkdən çəkindiklərinə görədir, nəinki Ukraynanın məhv olmasına görə".