Ərdoğan Zelenskinin "kömək edin" xahişinə nə cavab verəcək? - Gözlər Təhlükəsizlik Şurasının iclasında
24 Fevral 2022 12:58 Dünya"Zelenskinin Amerika və Avropa ölkələrindən daha çox, Türkiyəyə səslənməsinin özəl səbəbləri var".
Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Müsahibimiz xatırladıb ki, Türkiyə Rusiya ilə mövcud münasibətlərinə baxmayaraq, Kırımın işğalından bəri Kremlin Ukraynaya təcavüzünü həmişə pisləyib və bu gün də Putinin yanlış siyasət yürütdüyünü ifadə etməkdən çəkinmir:
"Amerika Birləşmiş Ştatları Ukraynaya yalnız müdafiə səciyyəli silahlar verdiyi halda, Türkiyə ona ən müasir hücum və kəşfiyyat silahı verməkdən çəkinmədi. Zelenski Ərdoğan və Türkiyə xalqının yenə də Ukraynanın yanında olacağını və onlara bütün sahələrdə yardım etmək üçün əllərindən gələni edəcəyini bildiyi üçün ona üz tutdu. Rəcəb Təyyib Ərdoğan da öz növbəsində Ukraynaya yardım məsələsini müzakirə etmək üçün Təhlükəsizlik Şurasının iclasını çağırıb. Heç şübhəsiz, iclas birmənalı olaraq Rusiyanın müdaxiəsini pisləyəcək və Ukraynaya yardım etmək yollarını müzakirə edəcək. Birmənalı olaraq, Türkiyə Zelenskinin müraciətini müsbət cavablandıracaq".
Politoloq qeyd edib ki, bu məsələdə Türkiyənin imkanlarnı da çox yüksək qiymətləndirmək düzgün olmazdı:
"Türkiyə Ukraynaya yardım məsələsində Amerika və Avropadan daha irəli gedə bilməz və NATO-nun qarşısını ala bilmədiyi münaqişəni saxlamaqda yetərli gücə malik deyil. Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin də Zelenskini qabaqlayaraq Ərdoğanla müvafiq danışığı apardığını nəzərdən qaçırmaq lazım deyil. Ərdoğan həmişə olduğu kimi, bu məsələdə də Türkiyə dövləti və xalqının mənafeyinə uyğun hərəkət edəcək. Bu mənafe mövcud şəraitdə Rusiya ilə bütün münasibətləri kəsməyi tələb etsə belə. İstənilən halda, Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı günün ikinci yarısına qədər Türkiyədən müsbət cavab eşidəcəyik. Düşünürəm ki, Türkiyənin mövqeyi Amerika və Avropa ölkələrini nəhayət Rusiyaya qarşı daha ciddi qərarlar qəbul etməyə məcbur edəcək".