Hindistanın Kiyevdəki səfirliyi tələbələri Ukraynanı tərk etməyə çağırıb
22 Fevral 2022 14:01 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Ukraynadakı səfirliyi fevralın 22-də Ukrayna universitetlərində təhsil alan hindistanlı tələbələr üçün yeni bir bəyanat yayıb və onlara distant təhsilə keçidin təsdiqini gözləmədən ölkəni tərk etməyi tövsiyə edib.
Bu barədə sənəd diplomatik nümayəndəliyin " Twitter " səhifəsində yerləşdirilib.
Hindistanın diplomatik nümayəndəliyindən bildirilib ki, Ukraynanın tibb universitetlərində onlayn dərslərin təsdiqlənməsi ilə bağlı suallarla çoxlu sayda zənglər gəlir.
"Tələbələrə öz təhlükəsizlikləri naminə universitetlərdən rəsmi təsdiq gözləməkdənsə, müvəqqəti olaraq Ukraynanı tərk etmələri tövsiyə olunur", - səfirliyin bəyanatında deyilir.
Diplomatlar qeyd ediblər ki, indiki şəraitdə öz vətəndaşları üçün əlverişli olan tədris prosesi təşkil edirlər.
Bundan əlavə, Hindistan səfirliyi Ukraynadakı vəziyyətlə bağlı yüksək gərginlik və qeyri-müəyyənlik səbəbindən Hindistana qayıtmaq üçün əlavə uçuşlar təşkil edildiyini xatırladıb. Hindistan mətbuatının məlumatına görə, ölkədə əsasən tələbələr olmaqla 20 minə yaxın hindli yaşayır. Bundan əvvəl Hindistan Xarici İşlər Nazirliyi onlar üçün lazımi məlumatları əldə edə biləcəyiniz qaynar xətt açıb.