Suriya Putinin DXR və LPR-ni tanımaq qərarını dəstəklədi
22 Fevral 2022 11:36 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriyanın xarici işlər naziri Feysəl Mikdad Rusiya prezidenti Vladimir Putinin Donetsk və Luqansk Xalq Respublikalarının suverenliyini tanımaq qərarını tarixdə əlamətdar hadisə adlandırıb və Suriyanın onu dəstəklədiyini qeyd edib.
"Demək istərdim ki, doğrudan da, hazırda dünyada çox mühüm hadisə baş verir. Dünən cənab Putin həqiqətən də tarixdə əlamətdar bir bəyanatla çıxış etdi və siz bilirsiniz ki, Suriya Ərəb Respublikası tamamilə bunu dəstəkləyir"-deyə o,fevralın 22-də Valday Diskussiya Klubunun 11-ci Yaxın Şərq Konfransında bildirib.
Mikdad bildirib ki, Suriya Rusiya tərəfindən tanınan Donetsk və Luqansk Xalq Respublikaları ilə həmrəylik ifadə edir və onlarla əməkdaşlığa hazırdır.
"Biz Donetsk və Luqansk respublikaları ilə tam həmrəy olduğumuzu bildiririk. İnanırıq ki, hazırkı şərtlər əməkdaşlığımızı gücləndirməyə kömək edəcək, çünki bu əməkdaşlıq insanlıq naminədir".
"Rusiya ilə Suriya arasındakı əməkdaşlıq dərin əməkdaşlıqdır, güclüdür və biz Rusiya ilə münasibətlərimizi dərinləşdirmək üçün yeni dövlətlərlə əlaqələri davam etdirəcəyik" - Mikdad əlavə edib.