Keçmiş prezident narkotik ticarəti ittihamı ilə həbs olunub

Hondurasın keçmiş prezidenti Xuan Orlando Hernandes narkotik ticarəti ittihamı ilə həbs olunub.

Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, həbs ABŞ-ın ekstradisiya tələbinə cavab olaraq həyata keçirilib.

Honduras polisi eks-prezidenti Tequsiqalpada saxlayıb. Saxlanma onun səlahiyyət müddətinin bitməsindən cəmi bir neçə həftə sonra baş verib. Keçmiş dövlət başçısı evdən qandallı və gülləkeçirməz jiletlə çıxarılaraq polisin xüsusi təyinatlı bazasına aparılıb. Bir neçə jurnalistin də iştirakı ilə həkimlər Hernandesi müayinə ediblər.

"Reuters" agentliyinin məlumatına görə, ABŞ hökuməti Hernandesi 2004-cü ildən narkotik ticarəti ilə məşğul olmaqda ittiham edir. İstintaqçıların fikrincə, Hernandes Kolumbiya və Venesueladan ABŞ-a 500 ton kokainin qaçaqmalçılıq yolu ilə keçirilməsi əməliyyatlarında
iştirak edib. Onun narkotik alverçilərini istintaq və təqibdən qorumaq müqabilində milyonlarla dollar rüşvət aldığı iddia edilir.

2021-ci ildə ABŞ məhkəməsi Hondurasın o zamankı prezidentinin qardaşı Xuan Antonio Hernandesi narkotik ticarətində iştirak etdiyinə görə ömürlük həbs cəzasına məhkum edib.
Keçmiş prezident ittihamı rədd etsə də, istintaqla əməkdaşlığa razılaşıb.

"Reuters"in məlumatına görə, prezident olduğu səkkiz il ərzində Vaşinqton Hernandesi ABŞ-ən Mərkəzi Amerikada mühüm tərəfdaşı hesab edib.
Yanvarda Xuan Orlando Hernandesi Honduras tarixində ilk qadın prezident olan Siomara Kastro əvəz edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31