Ermənistanda "casus ovu" gedir: Müdafiə Nazirliyində tuthatutdur - FOTO

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) guya ölkədə "maliyyə ödənişləri müqabilində Ermənistanın suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin zərərinə fəaliyyət göstərən casus şəbəkəsi"ni zərərsizləşdirib.

Milli.az Ermənistan mediasına istinadən bildirir ki, 19 nəfər həbs olunub. Həbs olunanların hamısı hərbçilərdir.

MTX-nın Hərbi Əks-Kəhfiyyat İdarəsinin həyata keçirdiyi əməliyyatla bağlı yayılmış rəsmi məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrində xidmət edən bu həxslər sosial şəbəkələrdə erməni qadın adları ilə saxta akkauntlar və profillər yaradıblar.

"Daha sonra isə onlar "tanışlıq" adı ilə əlaqə saxladıqları xarici ölkə vətəndaşlarına, daha doğrusu, xarici ölkələrin xüsusi xidmət orqanlarını əməkdaşlarına pul müqabilində Ermənistan Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələri, şəxsi heyət, silah və hərbi texnika, sursat, hərbi texnikanın sayı və tipi, hərbi hissələr, onların komanda heyəti, müdafiə xətləri, mühəndis-istehkam qurğuları və s. barədə informasiyalar veriblər. Saxlanmış 19 nəfərin bir neçəsi artıq etiraf ifadələri verib", - məlumatda deyilir.

Rəsmi açıqlamanın özündəki uyğunsuzluqlar bu "xüsusi əməliyyat"ın Ermənistanın təhlüküsizliyinə təhdid yaradan həxslərin və ya şəbəkənin zərərsizləşdirilməsi üçün yox, son iki ildə baş nazir Nikol Paşinyan üçün sürəkli, permanent çətinliklər yaradan Müdafiə Nazirliyində yeni "təmizləmələr"ə başlanması məqsədilə gerçəkləşdirildiyini göstərir.

Ermənistanın total məğlubiyyətə uğradığı, ordusunun faktiki darmadağın edildiyi İkinci Qarabağ Müharibəsindən sonra erməni generallar, xüsusilə də Müdafiə Nazirliyinin Baş Qərargahı və hərbi hissələrin komandirləri Nikol Paşinyanı "xəyanətkar" adlandıraraq onun istefasını tələb edirdilər.

Baş Qərargahın artıq sabiq rəisi, general-polkovnik Onik Qasparyan hətta açıq məktub, sonra da bəyanat yayaraq müharibədəki məğlubiyyətdə bilavasitə Nikol Paşinyanın məsuliyyət daşıdığını vurğulamışdı.

Ermənistanda parlament seçkiləri ərəfəsində Müdafiə Nazirliyindəki generalların çoxu sabiq prezident Robert Köçəryanı dəstəklədiklərini demişdilər.

Seçki ərəfəsində Nikol Paşinyan həmin hərbçiləri cəzalandırmadı, lakin seçkilərdə qalib gələndən və postunu qoruyandan sonra generalların "yarpaq tökümü" başlandı.

Əsl repressiyanı xatırladan proses zamanı generalların çoxu "könüllü istefa"ya vadar edildi, inad edənlər isə qovuldular.

Fəqət, Paşinyan prosesi başa çatmış hesab etmir, çünki bir sıra hərbi hissələrin komandirlərini, habelə Müdafiə Nazirliyindəki orta rütbəli zabitləri kollaborasionist, R.Köçəryanın "adamları" sayır.

Son əməliyyatın da məhz həmin fiqurların zərərsizləşdirilməsi çərçivəsində olduğu əsla istisna olunmur.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31