Yaponiyadan Rusiyaya etiraz notası
7 Fevral 2022 14:23 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya martın əvvəlinə qədər fasilələrlə Kuril adaları bölgəsində hərbi təlimlər keçirəcəyini açıqlayan Rusiyaya etiraz notası verib.
Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu mətbuat konfransında Rusiyanın Yaponiyanın şimalındakı adalar üçün təlim planına qarşı çıxıb.
Kuril bölgəsinin ən cənub hissəsi olan Kunasiri adasının cənub-şərqində planlaşdırılan təlimlərə gəlincə, Matsuno "Rusiyanın 4 şimal adasında daha çox silahlanması Yaponiyanın mövqeyi ilə ziddiyyət təşkil edir və qəbuledilməzdir" ifadəsini işlədib.
Matsuno bildirib ki, Yaponiya hökuməti Rusiyaya etiraz notası verib və o, mart ayının əvvəlinə qədər fasilələrlə bölgədə təlimlər keçirəcəyini açıqlayıb.
Baş nazir Kişida Fumio isə regional məsələ ilə bağlı illik mitinqdə iki ölkə arasında adalar mübahisəsinin davam etməsindən təəssüfləndiyini bildirib.
Kişida, "Şimal əraziləri (Kuril adaları) probleminin müharibədən sonra 76 il ərzində həll edilməməsi və Yaponiya ilə Rusiya arasında sülh müqaviləsinin imzalanmaması təəssüf doğurur" -deyə qeyd edib.
İki ölkə arasındakı ikitərəfli razılaşmalara diqqət çəkən Kişida bu müqavilələr çərçivəsində indiyə qədər aparılan danışıqları irəlilətməyi planlaşdırdığını bildirib.
Xatırladaq ki, İkinci Dünya Müharibəsinin sonunda, 1945-ci ildə Sovet İttifaqı Sakit okeanı Oxot dənizindən ayıran təxminən 1300 kilometrə qədər uzanan Yaponiyanın Kuril adalarını ilhaq etdi.
İlhaqdan sonra tərəflər Yaponiyanın "Şimal bölgələri" adlandırdığı torpaq parçası ilə bağlı fikir ayrılığı səbəbindən Rusiya ilə Yaponiya arasında sülh müqaviləsinin imzalanması üçün aparılan danışıqlarda bir nəticəyə gələ bilməyiblər.