Rusiya və Fransa prezidentləri görüşəcək
7 Fevral 2022 10:38 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin fevralın 7-də fransalı həmkarı Emmanuel Makronla görüşəcək.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskovun mediaya açıqlamasında bildirilir.
Məlumata görə, son iki həftə ərzində üç dəfə telefon danışığı aparan dövlət başçıları Makronun fevralın 7-də Moskvaya səfəri ilə bağlı razılığa gəliblər.
Peskov qeyd edib ki, gündəmdə çoxlu suallar olacaq. Xüsusilə, prezidentlər Rusiya Xarici İşlər Nazirliyinin ötən il dekabrın 17-də açıqladığı təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərə toxunmağa hazırlaşır. Yanvarın 26-da ABŞ və NATO yazılı cavablarını təqdim ediblər.
Prezidentin sözçüsü həmçinin bildirib ki, Putin liderlərin telefonla başlatdığı müzakirələri davam etdirməyə, Rusiyanın narahatlığını ifadə etməyə, Moskvanın vəziyyətə münasibətini, ABŞ və NATO-nun cavablarına münasibətini ifadə etməyə hazır olacaq. Bundan əlavə, "Prezidentlər çox güman ki, Rusiya tərəfinin çox vacib hesab etdiyi ikitərəfli əlaqələrə toxunacaqlar"- deyə Peskov bildirib.
Danışıqlardan sonra Putin və Makron Rusiya-Fransa sammitinin nəticələrini müzakirə etmək üçün mətbuat konfransı keçirəcəklər.
Xatırladaq ki, Fransa prezidenti fevralın 8-də Ukraynaya işgüzar səfər etməyi də planlaşdırır.