Almaniyada koronavirusa yoluxmada rekord say- 248 838
4 Fevral 2022 11:16 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyada koronavirusa yoluxma hallarının sayı gün ərzində 248 838 nəfər artıb ki, bu da pandemiyanın bütün dövrü üçün ən yüksək göstəricidir.
Bunu Almaniya Virusologiya İnstitutunun fevralın 4-də dərc etdiyi məlumatlar sübut edir.
Bundan əvvəlki rekord fevralın 3-də qeydə alınıb, o zaman gün ərzində 236 120 yoluxma halı aşkar edilib. Pandemiyanın başlanğıcından indiyədək Almaniyanın 10 671 602 sakinində infeksiya qeydə alınıb. Koronavirusun yaratdığı xəstəliyin nəticələrindən ölkədə 24 saat ərzində 170 xəstə dünyasını dəyişib. Almaniyada ölənlərin ümumi sayı 118 504 nəfərə çatıb, 7 953 200 nəfər sağalıb.
Almaniyada koronavirusun yayılmasının yeddi günlük göstəricisi (hər 100 min nəfərə düşən yoluxma hallarının sayı) da ən yüksək həddə - 1349,5-ə çatıb. Fevralın 3-də -1283,2, ötən həftə 1073, bir ay əvvəl isə 239,9 olub.
Yanvar ayında Almaniyada koronavirusun omikron ştammı üstünlük təşkil edib. Ölkədə məhdudiyyətlər var, lakin onlar pandemiyanın birinci, ikinci və üçüncü dalğaları ilə müqayisədə daha yumşaqdır. Bunlar əsasən restoranlara, teatrlara, konsertlərə, fitnes klublarına gedə bilməyən peyvənd olunmamış şəxslərə aiddir. Alman səlahiyyətliləri peyvəndin üçüncü dozası da daxil olmaqla, mümkün qədər çox insanı peyvənd etməyə çalışır.