Polşa və Gürcüstan prezidentlərindən Ukraynaya dəstək

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Polşa prezidenti Anjey Duda və Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya ilə Ukrayna arasında yaranmış gərginliklə bağlı birgə bəyanatla çıxış ediblər.

Danışıqlar aparmaq üçün Çinin paytaxtı Pekinə gedən Duda Gürcüstanın paytaxtı Tbilisidə dayanıb və gürcü həmkarı Zurabişvili ilə görüşüb.

İki lider Tbilisi hava limanında görüşdükdən sonra Rusiya və Ukrayna arasında baş verənlərlə bağlı birgə mətbuat konfransı keçirib.

"Bu gün Rusiyanın Ukraynaya təcavüzü şəklində ifadə olunan çox çətin vəziyyətlə bağlı məlumat mübadiləsi imkanının olması çox vacibdir", - Zurabişvili bildirib.

"Sözügedən gərginlik ancaq sülh yolu ilə həll edilməlidir"

Zurabişvili aşağıdakı ifadələrdən istifadə edib:

"Bu çox gərgin vəziyyətdə mən Gürcüstan adından, dostumuz Ukrayna ilə tam həmrəy olduğumuzu bildirmək istərdim, çünki indiki təhdidlər əslində bütövlükdə Avropanın təhlükəsizliyinə təhdiddir və bu barədə danışsaq, Avropanın təhlükəsizliyi həm də bizim təhlükəsizliyimizdir".

Zurabişvili çıxışında bildirib ki, "Təcavüzkar hərəkətlər, təhdidlər, kiberhücumlar və ya Ukrayna sərhədində hərbi qüvvələrin birbaşa artırılması, Qara dənizdə hərbi qüvvələrin səfərbər olunması, hər şey Rusiyanın hazırkı siyasətinin təxribatının əlamətidir". Sözügedən gərginliyin yalnız sülh yolu ilə həll edilməli olduğunu vurğulayaraq, "Ukraynanın suverenliyi qorunmalıdır"-deyə söyləyib.

Ukraynanın suverenliyinin qorunması lazım olduğunu bildirən Zurabişvili Rusiyanın da ölkəsinə qarşı zorakılıq siyasəti tətbiq etdiyini xatırladıb və deyib:

"Mən bu gün çox çətin danışıqlar zamanı Gürcüstanı unutmayan, onun suverenliyini və ərazi bütövlüyünü hər fürsətdə dilə gətirən bütün avropalı və amerikalı tərəfdaşlarımıza bu gün öz təşəkkürümü bildirmək istərdim".

"Ukraynada baş verənlər bizim üçün çox önəmlidir"

Duda isə Ukrayna ilə bağlı dünyanın müxtəlif liderləri ilə görüşlər keçirdiyini ifadə edərək, "Təbii ki, bu, təkcə Avropanı maraqlandıran bir məsələ deyil, bütün dünya üçün əhəmiyyətli bir məsələdir"- deyə bildirib.

Polşa və Gürcüstanın Ukraynaya yaxın olduğunu və buna görə də Ukraynadakı prosesləri yaxından izlədiklərini qeyd edən Duda, "Ukrayna ərazisində baş verənlər bizim üçün çox önəmlidir. Mənim üçün mühüm mövzularda məsləhətləşmələrin olması çox vacibdir. ."

Önümüzdəki günlərdə Ukrayna ilə bağlı Brüssel və Almaniyada təmaslar keçirəcəyi barədə məlumatı paylaşan Duda, "Ukrayna ilə həmrəyliyimizi ifadə edirik və ümumiyyətlə, bütün təhlükəsizliklə bağlı məsələlər bizim üçün çox önəmlidir"- deyə əlavə edib.

Rusiya ilə Gürcüstan arasında əvvəllər də faciəvi hadisələrin yaşandığını xatırladan Duda Gürcüstanı dəstəklədiklərini ifadə edərək, "Bildirmək istərdim ki, Gürcüstan bizim müttəfiqimizdir, Gürcüstan dost olduğumuz dövlətdir" -deyə vurğulayıb.

Duda Tbilisidən Çinə yola düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31