Sərkisyanı bitirmək planı

Ermənistanda daxili-siyasi durum bir türlü tənzimlənmir desək yanılmarıq. Əgər əvvəllər Ermənistanda hakimiyyət uğrunda mübarizə sırf siyasi müstəvidə gedir bu mübarizə siyasi partiyaların, qrupların mübarizəsi kimi yadda qalırdısa, son illərdə mübarizə tərəflərindən biri Vətən müharibəsinə qədər Qarabağ klanı kimi tanınan qruplaşmalar, digəri isə Ermənistandakı siyasi dairələrdir. Paşinyanın hakimiyyətə gəlməsindən sonra Qarabağ klanı demək olar ki, tamamilə məhv edilsə də, lakin bu klanın tör-töküntüləri hələ də baş nazirə qarşı dirəniş göstərmək əzmini ortaya qoymağa çalışırlar.  Onların başında isə sabiq prezidentlər Serj Sərkisyan və Robert Köçəryan cütlüyü dayanır.  Əslində isə bu cütlük əvvəlki illərdə olduğu qədər sözükeçərli, güclü deyil. Çünki Nikol Paşinyan birincini hakimiyyətdən devirib ölkəyə rəhbərliyi ələ aldıqdan sonra ən birinci vəzifə kimi Qarabağ klanını zəiflətməyi, onu sıradan çıxarmağı qarşıya qoydu. Və buna nail də oldu.

Əslində Paşinyanın Qarabağ klanı adlanan qurumu sıradan çıxarması onun praqmatik, real düşüncəsinin nəticəsi sayıla bilər. Çünki Nikol Paşinyan sələflərindən fərqli olaraq Qarabağın Ermənistana heç bir aidiyyatı olmadığının fərqində idi. Məntiqlə düşünsək Qarabağ Ermənistana aid deyilsə, o halda hansısa Qarabağ klanının mövcudluğu da absurddur. Ona görə də Paşinyan hakimiyyətinin ilk günündən Qarabağ klanına, əsasən də bu klanın öncül fiqurlarından olan Köçəryan və Sərkisyana qarşı mübarizəyə başladı, onları sıradan çıxardı.

Nikol Paşinyanın başının 44 günıük müharibəyə qarışdığı zaman kəsiyində sabiq prezidentlər Nikola qarşı yenidən hərəkətə keçməyi düşünsələr də, lakin bu da effeltiv alınmadı. Birincisi, ona görə ki, İkinci Qarabağ müharibəsi zamanı nə Köçəryan, nə də Sərkisyan Paşinyanın təbirincə desək vətənpərvərlik nümayiş etdirib döyüşlərə qatılmadı. Nəinki özləri, hətta onların yaxınları belə fərarilik edərək müharibədən yayındı. Bu isə Paşinyanın əlinə onlara qarşı daha barışmaz olması üçün fürsət verdi.

Bu arada Ermənistan prezidenti Armen Sərkisyanın bu günlərdə vəzifəsindən istefa verməsinin də arxasında məhz Qarabağ klanı oyununun olduğu barədə erməni cəniyyətində söhbət gəzir. İddia olunur ki, Armen Sərkisyan məhz Köçəryan-Sərkisyan cütlüyü ilə məxfi danışıqlar apararaq Paşinyana qarşı ittifaq formalaşdırmaq barədə razılıq əldə edibmiş  Bundan xəbər tutan Paşinyan isə Armeni könüllü şəkildə istefa verməyə təhrik edib.

Göründüyü kimi, Nikol Paşinyan Qarabağ klanını, ən əsası da bu klanın əsas hərəkətverici qüvvəsi sayılan sabiq prezident Serj Sərkisyanı oyunda kənar vəziyyətə salıb. Serjin son şansı, Armen Sərkisyanla ittifaq yaratmaq planını da üstünü açan Paşinyan uşaq qatilini nəinki siyasi, həm də mənən sındırıb. Serji hakimiyyətdən devirməklə onu siyasi cəhətdən sındıran Paşinyan, İkinci Qarabağ müharibəsində sabiq prezident və yaxınlarının fərarilik etdiyini ortaya çıxarmaqla həm də mənən sındırmış olub. İndi Serjə həlledici zərbə vurmaq üçün Paşinyan son şansı gözləyir. Bu şans isə Azərbaycan tərəfindən Sərkisyanın korpə qatili olması və Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirməsi barədə beynəlxalq məhkəmədə iddia qaldırması ilə Paşinyana verilə bilər. Əgər belə bir hal baş verər və Sərkisyan qanun qarşısında cavab verməli olarsa, o halda Nikol sevə-sevə Serjiki beynəlxalq ədalət məhkəməsinə verər və bununla da Sərkisyan bəlasından tamamilə xilas olmuş olar. Bir sözlə Paşinyanın Serji bitirmək planı ustalıqla baş tutar.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31