ABŞ Polşaya əlavə 2,5 min əsgər göndərəcək

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Şərqi Avropaya göndərilməsi planlaşdırılan 8,5 min hərbi qulluqçu arasından təxminən 2,5 min amerikalı əsgər Polşaya köçürülə bilər. 

Bunu fevralın 2-də Polşa radiosunun efirində respublikanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox deyib.

Onun sözlərinə görə, Amerika tərəfi ötən gün "bütün Şərqi Avropa üçün 8-8,5 mindən çox hərbçinin köçürülməsinə" hazırlaşdıqlarını bəyan edib. "Çox güman ki, əlavə 2500 əsgərimiz olacaq" - deyə Solox bildirib.

Polşa Milli Təhlükəsizlik Bürosunun nümayəndəsinin vurğuladığı kimi, iki plan var. "Biri ABŞ ordusunun, o cümlədən Polşa torpaqlarında fiziki mövcudluğudur. İkincisi, mexanizmin işə salınması, belə bir zərurət yaranarsa, xeyli sayda qoşunun köçürülməsi üçün imkanların yaradılmasıdır. Burada da işlər aparılır, " deyə qeyd edib.

Hazırda Polşada 5 minə yaxın ABŞ hərbçisi var.

Ötən həftə Pentaqonun sözçüsü Con Kirbi ABŞ-ın Avropaya 8500 əsgər göndərməyə hazır olduğunu, lakin bu məsələ ilə bağlı yekun qərarın hələ verilmədiyini bildirib. Onun sözlərinə görə, bunlar döyüş, kəşfiyyat, aviasiya, tibb və nəqliyyat bölmələridir. Yanvarın 25-də Kirbi CNN telekanalının efirində aydınlıq gətirib ki, Birləşmiş Ştatlar öz qoşunlarını Avropada NATO müttəfiqi olan ölkələrin ərazisindən kənarda yerləşdirmək niyyətində deyil. Prezident Co Bayden yanvarın 28-də bildirdi ki, ABŞ hakimiyyəti yaxın gələcəkdə Şərqi Avropaya kiçik əlavə qoşun kontingentini göndərməyə başlamaq niyyətindədir.

Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız gərginliyin artması adlandırıb. Peskov vurğulayıb ki, Rusiya heç kim üçün təhlükə yaratmır. Eyni zamanda, o, bu cür bəyanatlara haqq qazandırmaq üçün təxribatların mümkünlüyünü istisna etməyib və Ukraynanın cənub-şərqindəki böhranın həlli üçün gücdən istifadə cəhdlərinin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31