Rusiya Ukraynanı işğal edərsə ABŞ və NATO hansı tədbirlər görəcək?

Rusiyanın Ukraynanı işğal edəcəyi haqqında məlumatların ardı-arası kəsilmir. Bu məlumatların belə ciddi cəhdlə yayılmasının da səbəbləri var. Rusiya həqiqətən özünü müharibəyə hazırlaşan bir dövlət kimi aparır və hər keçən gün iki ölkə sərhədidndə və eyni zamanda Rusiyanın baş verəcək müharibədə tərəfini saxlayacağı haqda bəyanat vermiş Belarusda qoşunların sayını artırır. Politoloq Əlimusa İbrahimov "Olaylar"a bildirb ki, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Ukraynanı işğal etmək planlarının olmadığını bəyan edirlər. Bu bəyanatlar ABŞ və onun NATO üzrə müttəfiqlərini inandırmağa bəs etmir. Çünki, Kırım, Donetsk və Luhansk hadisələri canlı şahid kimi göz önündədir: "Əgər həqiqətən Rusiya Ukraynanı işğal etməyə qalxarsa ABŞ və NATO işğalın qarşısını almaq üçün hər hansı bir tədbir görəcəkmi? Yaxud ABŞ və NATO Ukraynaya görə Rusiya ilə müharibəyə hazırdırmı?  Təbii ki, yox.  Amerika Birləşmiş Ştatları Prezidenti Co Bayden birmənalı olaraq Ukraynaya görə Rusiya ilə müharibəyə girməyəcəklərini elan edib. Bəs NATO?  NATO -nun Baş Katibi Jens Stoltenberqin Ukraynaya Rusiya ilə qarşıdurmada hər cür dəstək verməyə hazır olduqlarını bildirməsinə baxmayaraq, bu hərbi blokun  Ukraynaya görə Rusiya ilə müharibəyə girmək səlahiyyəti yoxdur. Çünki Ukrayna NATO-nun üzvü deyil və NATO-nun  üzvü olan 30 ölkədən heç birini Rusiya ilə müharibəyə girməyə məcbur etmək mümkün olmayacaq. Belə olan halda müharibə baş verərsə ABŞ və NATO nə edəcək? Onlar elə indi gördüyü işlərlə məşğul olacaq- Ukraynanı yanında olmaları barədə bəyanatlar verəcək, Rusiyanı sanksiyalarla hədələyəcək və öz inventarlarında çıxardıqları silahları Ukraynaya göndərməkdə davam edəcəklər. Hər gün onlarla hərbi yük təyyarəsi Ukraynanın Borispol hava limanına enəcək hə hərbi təyinatlı yükləri boşaldacaq. Amma bu yüklərin cəbhədə oynayacağı rolu müharibə başlayandan sonra biləcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31