Almaniyada 1 gündə rekord yoluxma
21 Yanvar 2022 12:16 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyada təsdiqlənmiş yeni koronavirus infeksiyası hallarının sayı gündə 140 160 nəfər artıb ki, bu da pandemiyanın bütün dövrü üçün ölkədə yeni maksimuma çevrilib. Bunu Robert Kox İnstitutunun (Almaniya Səhiyyə Nazirliyinin tabeliyində) cümə günü dərc etdiyi məlumatlar sübut edir.
Bundan əvvəlki yoluxma sayı yanvarın 20-də qeydə alınıb, həmin gün 133 536 yoluxma halı aşkar edilib. Epidemiyanın başlanğıcından indiyədək Almaniyanın 8 460 546 sakinində infeksiya qeydə alınıb. Koronavirusun yaratdığı xəstəliyin nəticələrindən ölkədə 24 saat ərzində 170 xəstə dünyasını dəyişib. Almaniyada pandemiyanın bütün dövrü ərzində ölənlərin ümumi sayı 116 485 nəfərə çatıb, 7 178 000 nəfər sağalıb.
İctimai həyatda mümkün məhdudiyyətlər üçün mühüm göstərici olan yeddi gün ərzində hər 100 min nəfərə düşən koronavirusla xəstəxanaya yerləşdirilən xəstələrin sayı 3,56-dır. Yanvar ayında Almaniyada koronavirusun omikron ştammı üstünlük təşkil edib.
Hazırda Almaniyada məhdudiyyətlər tətbiq edilib, lakin onlar pandemiyanın birinci, ikinci və üçüncü dalğaları dövründəkindən xeyli yumşaqdır. Onlar əsasən peyvənd olunmamışlara aiddir. Peyvənd olunmamış vətəndaşlar restoranlara, teatrlara, konsertlərə, fitnes klublarına getməməlidir. Sosial təmaslarda da məhdudiyyətlər var.