İranda daşqın nəticəsində 2 nəfər ölüb
18 Yanvar 2022 13:15 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın cənub-şərqində daşqın nəticəsində 2 nəfər ölüb. Kirman vilayətində 130 kənd yolu nəqliyyata bağlanarkən dağ kəndlərinə kömək üçün göndərilən qrup su altında qalıb və onlardan xəbər almaq mümkün olmayıb.
Kirman vilayətinin şərq və cənub bölgələrində bazar günündən bəri davam edən leysan yağışları daşqınlara səbəb olub, bir çox yaşayış məntəqələrini su basıb.
Kirman vilayətinin Riqan rayonunda 130 kəndə nəqliyyat bağlanarkən 2 nəfər həyatını itirib. Ərazi boşaldılır.
Kirman valisi Əli Zeynivənd son iki gündür davam edən leysan yağışların bölgədəki çaylarda daşqınlara səbəb olduğunu bildirib və çaylara yaxın kəndlərin boşaldılmasına göstəriş verdiyini bildirib.
Qubernator Zeynivənd əyalətdə sel səbəbiylə 130 kəndə girişin mümkün olmadığını və kənd yollarının açılması üçün işlərin aparıldığını bildirib.
Daşqınlardan ən çox zərər çəkən vilayətin Riqan rayonunun qubernatoru Emin Bakıri bildirib ki, elektrik və telefon xətləri kəsildiyi üçün rayonun dağlıq bölgələrindən xəbər yoxdur.
Bakıri, dağ kəndlərindəki insanlara yardım çatdırmaq üçün bu bölgələrə göndərilən elektrik və magistral idarələrinə bağlı qrupların da su altında qaldığını və hələlik onlara çatmaq mümkün olmadığını bildirib.
Rayonda vəziyyətin "böhran" həddinə çatdığını qeyd edən Bakıri, "Kəndlərə nəqliyyat bağlanıb, bir çoxuna yardım çatdırmaq mümkün deyil. Biz havadan kömək istəyirik" deyə bildirib.
Riqan Qızıl Aypara Təşkilatının rəhbəri Behzad Arif də sel nəticəsində biri uşaq olmaqla iki nəfərin həyatını itirdiyini, bir uşağın isə itkin düşdüyünü bildirib.
Digər tərəfdən, leysan yağışlar səbəbindən Kirman vilayətinin 7 rayonunda təhsilin dayandırıldığı bildirilib.