ABŞ Əfqanıstana 300 milyon dollardan çox humanitar yardım ayıracaq
11 Yanvar 2022 16:55 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Əfqanıstan əhalisinə humanitar yardım üçün əlavə 308 milyon dollar və bir milyon doza koronavirus peyvəndi verəcək.
Bu barədə çərşənbə axşamı Ağ Evin saytında dərc olunmuş press-relizdə bildirilir .
"Birləşmiş Ştatlar Əfqanıstan xalqına 308 milyon dollardan çox yeni humanitar yardım ianə etdiyini elan edir. 2021-ci ilin oktyabr ayından ABŞ-dan Əfqanıstana humanitar yardımın ümumi məbləği demək olar ki, 782 milyon dollara çatır. Bundan əlavə, Birləşmiş Ştatlar COVAX mexanizmi vasitəsilə Əfqanıstan xalqına bir milyon əlavə doza COVID-19, yəni ümumilikdə 4,3 milyon doza təmin edir", - deyə məlumatda bildirilir.
Ağ Ev, Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin COVID-19 və qeyri-kafi tibbi xidmətlər, quraqlıq, ərzaq çatışmazlığı və qış mövsümü ilə kəskinləşən artan humanitar ehtiyaclara cavab olaraq müstəqil humanitar təşkilatlar vasitəsilə humanitar yardım göndərəcəyini söyləyib.
"Birləşmiş Ştatlar Əfqanıstan xalqını dəstəkləməyə sadiqdir və biz əlimizdə olan bütün variantları nəzərdən keçirməyə davam edirik. Biz Əfqanıstan xalqını dəstəkləyirik", - ABŞ administrasiyası bildirib.
Taliban hərəkatı ABŞ-ın yazda silahlı qüvvələrini oradan çıxarmaq qərarını elan etməsindən sonra Əfqanıstana nəzarəti bərqərar etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Ötən il avqustun 15-də radikallar döyüşsüz Kabilə daxil olublar və sentyabrın 7-də legitimliyi hələ heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətlərinin tərkibini açıqlayıblar. İllərdir davam edən münaqişə fonunda ölkədə son dərəcə ağır iqtisadi vəziyyət yaranıb. BMT-nin proqnozlarına görə, noyabr-mart aylarında Əfqanıstan əhalisinin yarıdan çoxu (təxminən 22,8 milyon nəfər) kritik ərzaq çatışmazlığı ilə üzləşə bilər.