Ukrayna və NATO yanvarın 10-da Rusiya mövzusunda görüşəcək

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna-NATO Komissiyası yanvarın 10-da Brüsseldə  görüşəcək.
Bu barədə Ukrayna xarici işlər naziri Dmitro Kuleba Twitter hesabından verdiyi açıqlamada bildirib.

Yanvarın 10-da NATO-Ukrayna Komissiyasının iclası üçün Brüsselə gedəcəyini açıqlayan Kuleba bildirib ki, bu görüş "Rusiya təcavüzünün" qarşısını almaq üçün genişmiqyaslı diplomatik səylərin bir hissəsidir.

Son aylarda Rusiyanın Ukrayna sərhəddində hərbi istehkam qurmasından sonra Qərblə Moskva arasında gərginlik artıb və gərginliyi azaltmağa çağırışlar edilib.

Ağ Ev ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı təhlükəsizlik danışıqlarının yanvarın 10-da başlayacağını, NATO-nun baş katibi Yens Stoltenberq isə yanvarın 12-də NATO-Rusiya Şurasının iclasının keçiriləcəyini açıqlayıb.

Yanvarın 7-də cümə günü keçiriləcək fövqəladə toplantıda NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin də Rusiyanın Ukrayna sərhədindəki hərbi fəaliyyətləri ilə bağlı hadisələri müzakirə edəcəkləri bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31