2022-ci ildə dünyanı nə gözləyir?

Epidemiya, iqlim dəyişikliyi, təchizat böhranı, miqrasiya və ölkələr arasında gərginlik 2021-ci ildə öz izini qoydu. Bəzi ölkələrdə vətəndaş müharibələri və dövlət çevrilişinə cəhdlər oldu, bəziləri isə qaynar qarşıdurma həddindən geri döndü. Bəs 2022-ci ildə nə proqnozlaşdırılır?

Olaylar.az xəbər verir kİ, yeni ili ümidlə gözləyən yüz milyonlarla insan bütün dünyanı bürümüş bəlaların aradan qaldırılmasını istəyir.

Ancaq bu məsələyə o qədər də optimist baxmayan ekspertlər problemlərin davam edəcəyini, hətta bəzi məsələlərin daha da böyüyəcəyini düşünürlər.

2022-ci ildə bütün dünyada iqtisadi böhranın dərinləşəcəyi gözlənilir.

Epidemiyadan çıxış qapısının hələ açılmadığı və yaşanan çoxsaylı böhranların buna işarə etdiyi bildirilir.

Təchizat zəncirinin qırılması, quraqlıq və daşqınlar ölkənin kənd təsərrüfatına ziyan vuraraq qiymət artımlarına səbəb olub.

Ekspertlərin fikrincə, inflyasiya rəqəmlərindəki artım tendensiyası 2022-ci ilin sonuna kimi bütün dünyada davam edə bilər.

Bildirilir ki, qlobal inflyasiyanın əvvəlki ilə nisbətən artması bəzi ölkələrin faiz dərəcələrini artırmasına səbəb ola bilər.

2022-ci ildə qlobal iqtisadi böhrana səbəb ola biləcək bəzi hadisələr də sadalanıb.

Çin və ABŞ arasında ticarət müharibəsinin və təchizat zəncirindəki problemlərin yeni ildə də davam etməsi mümkün görünür.

Mütəxəssislərin fikrincə, ABŞ iqtisadiyyatında 1929 və 2007-ci illərə oxşar məlumatlar ortaya çıxır. Bu səbəbdən Amerika fond bazarının çökmə ehtimalı var.

Çinin daşınmaz əmlak nəhəngi Evergrande borclarını ödəyə bilməsə, maliyyə bazarları zərbə altına düşə bilər.

Daha sərt epidemiya tədbirləri, koronavirusun yeni variantlarının ortaya çıxma ehtimalı və iqtisadi böhranlar səbəbindən ölkələrdə tətillərin artması da böhranı dərinləşdirə bilər.

Enerji böhranının gələn il də böyüyə biləcəyi ilə bağlı xəbərdarlıqlar var.

2022-ci ildə iqtisadi problemlər səbəbindən ölkələr arasında gərginliyin artacağı gözlənilir.

ABŞ, Çin və Rusiya arasında gərginliyin davam edəcəyi bildirilir.

Avropa İttifaqı ilə Böyük Britaniya arasında məsafə getdikcə genişlənir.

Hətta İttifaq daxilində Polşa ilə Macarıstan və AB arasında fikir ayrılığının böhrana çevrilə biləcəyi şərh edilir.

Rusiyanın Ukrayna ilə böhranı da gərginləşə bilər. Bölgədə qızğın qarşıdurma olacağından ehtiyatlanır.

Müharibə vəziyyəti yaranarsa,  ABŞ və Aİ artıq Moskvaya sanksiyalarla cavab verəcəkləri və müdaxilə etməyəcəkləri mesajını veriblər. Rusiyanın addımları izlənilir.

Yaxın Şərq və Şərqi Aralıq dənizində Türkiyənin həlledici rolunun artacağı, ABŞ və Rusiyanın mövcud mövqelərini qoruyacağı qiymətləndirilir.

Son illərin ən mühüm problemlərindən biri olan immiqrasiyanın 2022-ci ildə bütün dünyada artacağı gözlənilir.

Milyonlarla insan 2021-ci ildə müharibə, quraqlıq, qıtlıq və terror kimi problemlər səbəbindən mühacirət edib.

2022-ci ildə Suriya, Əfqanıstan, Sudan, Cənubi Sudan, Somali, Myanma, Konqo Demokratik Respublikası, Yəmən, Efiopiya və Nigeriyada problemlər hələ də davam edir.

Bu ölkələrdən immiqrasiyanın bu il də davam etməsi; Aİ-nin Belarus və oxşar sərhədlərində və Aralıq dənizində baş verən hadisələrin təkrarlanacağı proqnozlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31