BAO: “Ərdoğana hədiyyə edilən xəritə özgür Türk Dünyasının gələcəyinə böyük ümidlər doğurub”
26 Noyabr 2021 12:39 Dünya"Bu günlərdə Türkiyə Milliyyətçi Hərəkət Partiyası başqanı, Dövlət Baxçalının Türkiyə Prezidentinin iqamətgahında Rəcəb Tayyib Ərdoğana bağışladığı Türk Dünyası xəritəsi dünya mətbuatında, xüsusilə, Türk Cümhuriyyətlərində və başqa türklər yaşayan bölgələrdə geniş müzakirə və coşquya səbəb olub. "Türk Dövlətləri Təşkilatı"nın İstanbul zirvə görüşündən sonra baş vermiş bu hadisə dünya mediyasında özəl bir mesaj kimi dəyərləndirilib, bütün dünyadakı müstəqil və müstəqil olmayan türkəri coşdurub, türk düşmənlərini də çox narahat edib". "OLAYLAR" xəbər verir ki, bu fikirlər Bütöv Azərbaycan Ocaqlarının yaydığı bəyanatda yer alıb. Bəyanatda qeyd edilib ki, xəritədə müstəqil Türk dövlətləriylə yanaşı, özgür olmayan türk bölgələri və daha çox türklər yaşayan şəhərlərin yer alması Azərbaycanın Güneyində, bu gün İran adlanan ölkədə yaşayan soydaşlarımız tərəfindən də sevinc və coşquyla qarşılanmış, onlarda bütöv və özgür Türk Dünyasının gələcəyinə böyük ümidlər doğurub: "Qeyd etməliyik ki, keçən il Türkiyə və Azərbaycan dövlətlərinin birgə əməkdaşlığı fonunda baş vermiş Qarabağ Zəfərinin də Türk dünyasının birlik və bütövlüyünə olan ümidlərin yaranmasında ayrıca yeri və önəmi vardır. Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, qurulmaqda olan Türk Dünyasının gələcək konturlarını bütün dünyaya elan edən hörmətli R.T.Ərdoğan və D.Baxçalıya öz minnətdarlığımızı bildirməklə yanaşı, bu xəritədə özünü göstərən bir anlaşılmazlıq haqqında narahatlığımızı dilə gətirmək istərdik. Tarixdən və bizim tərtib etdiyimiz xəritədən bəlli olduğu kimi, Azərbaycanın Güneyinin sərhədləri Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasının sınırlarından başlayaraq Tehran və Həmədan şəhərinə qədərki bütün əraziləri əhatə edir. Təəssüf ki, sayın Baxçalının Ərdoğana hədiyyə etdiyi xəritədə Azərbaycanın Güneyinin coğrafiyasına yalnız Zəncana qədərki ərazilər daxil edilib, Qəzvin, Savə, Tehran, Kərəc, Həmədan və s. tarixi türk bölgələri kənarda qalıb. Halbuki, bu gün İran adlanan ölkənin coğrafiyasına bələd olan hər kəs bilir ki, adları çəkilən şəhər və bölgələrdə yaşayan əhalinin çoxu türklərdir və onlar, bütün rəsmi qadağalara baxmayaraq, öz ana dillərində - Azərbaycan türkcəsində danışırlar. Təkcə onu demək kifayətdir ki, hazırda İİR-nın başkəndi olan Tehran şəhərində ən azı 8-9 milyon soydaşımız yaşamaqdadır. Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, həmin xəritədə yer alan bu anlaşılmazlığa hər iki böyük dövlət adamının diqqətini çəkmək və gələcək fəaliyyətlərində bu kimi məsələlərdə xüsusilə həssas olmalarını bir daha vurğulamaq istəyirik".