Məşhur "Əfqan qızı" da "Taliban"a görə ölkədən qaçdı

Fotoqrafçı Stiv Makkurri tərəfindən çəkilən və "National Geopraphic" jurnalının üz qabığı olan məşhur "Əfqan qızı" Şərbət Qula ölkəsini tərk edib.

Olaylar.az  bildirir ki, Qula İtaliyanın paytaxtı Romaya gəlib. Bu barədə İtaliya hökuməti yazılı açıqlama verib. Qeyd olunub ki, "Əfqan qızı" evakuasiya proqramı çərçivəsində Əfqanıstanı tərk edərək İtaliyaya üz tutub.

Məlumata görə, Əfqanıstandakı avqust hadisələrindən sonra Qula ölkəsini tərk etmək üçün kömək istəyib və İtaliya Baş Nazirliyi evakuasiya, qəbul və inteqrasiya proqramı çərçivəsində onun ölkəyə səfərini təşkil edərək onun Romaya gəlməsini təmin edib. 

Qeyd edək ki, məşhur "Əfqan qızı" fotosu 1984-cü ilin dekabr ayında çəkilib. Yaşıl gözlü, qırmızı yaylıqlı, düz kameraya baxan gənc qız Qərbdə çoxlu şərhlərə səbəb olub, ictimaiyyət bu fotoya böyük maraq göstərib. Fotonu bir çox cəhətlərinə görə Leonardo da Vincinin "Mona Liza" portretinə bənzədiblər.

Xatırladaq ki, Şərbət Qula milliyyətcə puştudur, 1972-ci ildə doğulub. Fotosu çəkilən vaxt Sovet İttifaqı Əfqanıstana hücum etdiyinə görə Pakistana qaçaraq qaçqın kimi ora sığınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31