Əfqanıstanın müqavimət lideri hazırda Tacikistandadır
1 Noyabr 2021 12:15 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Taliban hərəkatına qarşı olan Əfqanıstan Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud hazırda Tacikistandadır.
Bu barədə Pəncşir əyalət hökumətinin müavini Kəbir Vasik mediaya açıqlamasında bildirib.
"Əhməd Məsud hazırda Tacikistandadır, lakin bəzən Əfqanıstana səfər edərək ölkənin bölgələrindəki müqavimət birləşmələri ilə görüşlər keçirir"- Vasik söyləyib.
Məlumata görə, müqavimət cəbhəsinin lideri Talibana qarşı mübarizədə müxtəlif dövlətlərdən dəstək almağa çalışır.
"Məsud region ölkələrini və bütün dünya ictimaiyyətini Talibanla mübarizə aparmağa inandırmağa çalışır. O, Milli Müqavimət Cəbhəsinə diqqət çəkmək və dəstək qazanmaq üçün müxtəlif dövlətlərə səfər edir" - deyə Vasik əlavə edib.
Sentyabrın 23-də Tacikistan Prezidenti Emoməli Rəhmon BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edərək, Əfqanıstanda seçkilərin keçirilməsini, eləcə də bütün etnik qrupların, xüsusən də əfqan taciklərinin nümayəndələrinin daxil olduğu yeni hökumətin yaradılmasını tələb edib. . Prezidentin sözlərinə görə, Əfqanıstan vətəndaşlarının maraqlarını nəzərə almadan hər hansı hökumət elan etmək fəlakətli sonluqla nəticələnə bilər. Rəhmon həmçinin ölkədə beynəlxalq terrorizm təhlükəsinin artması ilə bağlı xəbərdarlıq edib.