FETÖ-nün 5 il əvvəlki xain planı

Milli Məclisin deputatı Sadiq Qurbanov

Zaman-zaman Bakı və Ankaraya qarşı xaricdəki antiAzərbaycan və antiTürkiyə ünsürləri plan qurub, hər iki qardaş ölkədə uzun illər mövcud olan ictimai-siyasi sabitliyi pozmaq və bu iki ölkədə öz məkirli planlarını reallaşdırmaq istəyiblər. Yaxın tariximizdə dəfələrlə bu kimi arzuedilməz oplayların canlı şahidinə çevrilmişik. Ancaq sevindirici hal ondan ibarətdir ki, həmin təxribatçı, pozucu qüvvələrin planları baş tutmayıb, onların dövlət çevrilişi etmək istəkləri reallaşmayıb. Çünki cəmiyyət, xalq kütlələri pozuculuğa, təxtibata, ölkənin xaos, anarxiyaya sürüklənməsi deyil, məhz sabitliyin davamlı xarakter almasını dəstəkləyiblər. Necə ki, 5 il əvvəl qardaş Türkiyədə FETÖ-nun xain planı kimi. Məlumat üçün qeyd edək ki, 2016-cı il 15 iyul tarixində Türkiyədə dövlət çevrilişinə cəhd edənlərin məqsədi qardaş ölkədə mövcud hakimiyyəti devirmək idi. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi. İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də bəzi dövlət rəsmiləri əsir alındı. Həmçinin Türkiyə Böyük Millət Məclisi havadan qırıcı təyyarələrlə atəşə tutuldu.

Küçələrə tanklar çıxarıldı. Ölkənin hava limanları, körpü və magistral yolları nəzarət altına alındı. TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirildi. AKP hökumətinin fəaliyyət imkanları iflic edildi.

Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 251 nəfər şəhid oldu, yüzlərlə insan yaralandı. Hərbi çevrilişə cəhd edənlər arasında həbs olunan hərbçilərin sayı 3000-ə çatdı. Hadisə ilə əlaqədar 34 general, yüzlərlə hərbçi, hakim, prokuror saxlanıldı. Həmin ərəfədə Muğlanın Marmaris bölgəsində bir oteldə olan prezident Rəcəb Tayyib Ərdoğana qarşı isə sui-qəsdə cəhd olundu.

Hadisələr bağlı olaraq Prezident Recep Tayyip Erdoğan, CNN Türkdə FaceTime vasitəsi ilə etdiyi müraciətdə xuntaya heç bir imkanın verilməyəcəyini bildirərək xalqı meydanlara çıxıb çevrilişə qarşı çıxmağa çağırdı. Bununla da ölkənin bir çox şəhərlərində mitinqlər təşkil edildi. 16 iyul səhərinə kimi ordu və polisin şərikli əməliyyatları nəticəsində dövlət çevrilişinin qarşısı alındı.

Türkiyədə mövcud hakimiyyəti devirmək, ölkədə idarəetmə formasını dəyişmək istəyənlərin məkirli planları, hərəkətləri həmin günlər Azərbaycanda da diqqətlə və həyəcanla izlənilirdi. Necə ki, uca türk xalqı həmin günlərdə Türkiyə hakimiyyətinin yanında idi, eləcə də Azərbaycan xalqı hamılıqla dövlət çevrilişi cəhdinin qarşısının alınmasını istəyirdi. Elə Milli Məclisin deputatı Sadiq Qurbanov da belə deyir. Millət vəkili deyib ki, 15 iyulunda Türkiyədə FETÖ terror təşkilatı tərəfindən hərbi yolla dövlət çevrilişinə cəhd  Azərbaycan xalqı və dövləti tərəfindən də qəti şəkildə pislənildi: "Azərbaycan xalqı və dövləti bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pisləyərək birmənalı mövqeyini ortaya qoydu. Bir daha subut olundu ki,  Türkiyə bütün məsələlərdə Azərbaycanı dəstəklədiyi kimi, Azərbaycan da hər zaman Türkiyənin yanındadır". Deputat qeyd edib ki,  həmin gün onun yaddaşından heç vaxt silinməyəcək: "Bu xəbəri eşidən kimi Türkiyə dövlətinə  həmrəylik nümayiş etdirmək üçün TC Bakü Büyükelçiliği /Türkiyənin Azərbaycandakı Səfirliyinin qarşısına getdim və bütün gecəni orada qaldım".

Sadiq Qurbanov bildirib ki, bu gün Türkiyə dünya çapında çox güclü bir dövlətə çevirilib: "Dünya beşdən böyükdür demək gücünə sahibdir. Bütün dünya müsəlmanlarının ümid yeridir. Azərbaycanla birlikdə müasir dünyanın ikili standartlarına qarşı mübarizə apararaq, ədalət carçısına çevrilib. Bu gün bir daha  dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ulu Tanrıdan onlara sonsuz rəhmət diləyirəm".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31