ABŞ Əfqanıstanı Türkiyəyə tapşırdı – Ankara Talibanla dil tapa biləcəkmi?

Türkiyənin Kabil hava limanını idarə etmək üçün NATO ilə razılaşdığı bildirilir. ABŞ isə may ayından etibarən öz qoşunlarını Əfqanıstandan çıxarır və proses sentyabrda tamamlanacaq.

Maraqlıdır, Əfqnıstanda Türkiyə qüvvələri yerləşərsə, Taliban hərəkatı Türkiyəyə təzyiq göstərə bilərmi? Türkiyənin Əfqanıstandakı nəzarəti nə ilə nəticələnə bilər?

Məsələ ətrafında Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə Taliban hərəkatının Türkiyəni Əfqanıstanda müsbət qarşıladığını bildirib:

"20 il ərzində ABŞ-ın Əfqanıstan siyasəti fiaskoya uğradı və bunun nəticəsidir ki, artıq geri çəkilirlər. Ümumiyyətlə, ABŞ müsəlman ölkəsində uğura imza ata bilmir, bu İraqda da belə oldu. ABŞ Əfqanıstdan çıxandan sonra xüsusilə Taliban hərəkatının, daxili münasibətlərin hansı səviyyədə olacağını demək çətindir. ABŞ indi Əfqanıstanla münasibətdə ortamı stabilləşdirmək, Talibanla müəyyən danışıqları tənzimləmək üçün estafeti türkiyəyə verir. Bu isə Türkiyənin regionda güclənməsi deməkdir".

Politoloq Türkiyənin regionda bütün nəzarəti ələ keçirəcəyini vurğulayıb: "Kabil hava limanın təhlükəsizliyinin Türkiyə tərəfindən həyata keçirildiyini nəzərə alsaq görərik ki, Türkiyə digər ölkələrdən fərqli olaraq Əfqanıstandakı müxtəlif təşkilatlar tərəfindən müsbət qəbul olunur. Hətta son zamanlar Əfqanıstan tərəfindən Türkiyə qüvvələrinə qarşı hər hansı hücum qeydə alınmayıb. Düşünürəm ki, Əfqanıstanda Türkiyə Talibanla müəyyən kordinasiya ilə fəaliyyət göstərə bilər. Türkiyə Əfqanıstanda sülhü bərpa edib, razılaşma yolu ilə hökumət qura bilər. Bu isə təbii olaraq Türkiyənin uğuru olacaq və aparıcı ölkə kimi regionda nəzarəti ələ keçirəcək". sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31