Növbədənkənar parlament seçkisi yoxsa ... İspan üslubunda öküz güləşi
Elə təəsürat yaranır ki Baş Nazirin vəzifələrinin icraçısı və Ermənistanın ikinci prezidenti bu seçkilərdə qalib gəlmək üçün yox, bir-birini məhv etmək uğrunda mübarizə aparırlar.
11 İyun 2021 11:00 DünyaElə təəsürat yaranır ki Baş Nazirin vəzifələrinin icraçısı və Ermənistanın ikinci prezidenti bu seçkilərdə qalib gəlmək üçün yox, bir-birini məhv etmək uğrunda mübarizə aparırlar. Novbədənkənar parlament seçkisi onların bir-birini parçalaması üçün əllərinə düşmüş fürsətdir. Diqqətlə fikir verdikdə Ermənistanda iyun ayının 20-nə nəzərdə tutulmuş növbədənkənar parlament seçkiləri İspaniya, Meksika, Kolumbiya, Ekvador, Venesuela, Peru və digər bu kimi ölkələrdə təşkil olunan öküz döyüşlərini xatırladır. Amma burada mübarizə insanla öküz arasında deyil bir-birini parçalamağa hazır olan iki öküz arasında gedir.
Ermənistandakı bu növbədənkənar parlament seçkisini ağır hərbi məğlubiyyət və Qarabağ cəbhəsində yaranan yeni status kvonun meydana çıxardığı böhranı aradan qaldırmaq cəhdi kimi də qiymətləndirmək olardı. Məlum olduğu kimi məğlubiyyətdən dərhal sonra ölkədə başlayan qarşıdurmanı aradan qaldırmaq üçün Paşinyan və onun tərəfdarları son variant kimi seçkiyə getməyə razılıq verdilər. Lakin iqtidar müxalifətin irəli sürdüyü şərtlər daxilində deyil, öz tərtib etdiyi və özünə sərf edən qaydalar çərçivəsində seçkini formalaşdırmağa başladı. Müxalifətin Baş Nazirin istefasının ardınca bir illik keçid hökumətinin yaradılması və ondan sonra növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi yerinə yetirilmədi.
Deməli, qarşıdurmanın aradan qaldırılması üçün müxalifəti qane edən addımlar atılmadı. Paşinyanla ona qarşı dayanan qüvvəlıər arsındakı qarşıdurma sadəcə donduruldu. Parlament seçkilərindən sonra bu qarşıdurmanın yeni qüvvə ilə alovlanacağı heç şübhəsizdir.
Bu cür qəddar mübarizənin səbəbi odur ki, həm Paşinyan, həm də Köçaryan məğlub olduqdan sonra onları nəyin gözlədiyindən xəbərdardırlar. Köçəryan yenidən həbsxanaya qayıtmaq, hətta işlədiyi hərbi cinayətlər qarşılığında Azərbaycana təhvil veriləcəyi qorxusundan sakitlik tapmır. Paşinyan isə məğlub olaraq və bunun nəticəsində Baş Nazir kürsüsünü məhkəmə salonundakı onu gözləyən dəmir qəfəs ilə dəyişmək istəmir. Ona görə də bu iki namizədin arasında "olum ya ölüm" mübarizəsi gedir. Bu mübarizə eyni zamanda seçkidən sonra qaçılması mümkün olmayacaq vətəndaş itaətsizliyi və ya vətəndaş müharibəsinin baş verəcəyindən xəbər verir.
Deməli, çoxlarının ümid etdiklərinin əksinə olaraq növbədənkənar parlament seçkiləri Ermənistanda seçkiyə qədər mövcud olan qarşıdurma və xaosu aradan qaldırmayacaq, əksinə daha da şiddətləndirəcək. Amerika Birləşmiş Ştatlarının regionda fəallığının artırılması istiqamətində atdığı addımları da nəzərə alsaq ermənilərin uzunmüddətli "qara zolağa" düşdüklərini proqnozlaşdırmaq heç də çətin deyil.
Sosial tədqiqatların verdiyi proqnozlara görə isə bu şəraitdə 2 milyonluq Ermənistan əhalisinin bütünlüklə oranı tərk etməsi üçün 3 il kifayət edəcək.
Əlimusa İbrahimov.
Politoloq.